BAKI, AzerVoice, Səməd Əyyubov – “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, 2025 Formula 1 Dünya Çempionatının 14-cü mərhələsi olan Macarıstan Qran-Prisinin qalibi olub.
AzerVoice xəbər verir ki, yarış Budapeştdə yerləşən “Hungaroring” trasında keçirilib.
İkinci yeri Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri tutub. Üçüncü yerdə isə “Mercedes”in britaniyalı sürücüsü Corc Rassel qərarlaşıb.
Bu nəticə ilə “McLaren” komandası tarixində 200-cü qələbəsini qazanaraq, bu göstəricidə “Ferrari”dən sonra ikinci yerə yüksəlib. “Ferrari”nin 248, “Mercedes”in 130, “Red Bull”un 124, “Williams”ın isə 114 qələbəsi var.
Pilotlar cədvəlində liderliyi 284 xalla Oskar Piastri saxlayır. Onu 275 xalla Lando Norris izləyir. Üçüncü yerdə isə 187 xalla “Red Bull”un hollandiyalı sürücüsü, dünya çempionu Maks Ferstappen qərarlaşıb.
Konstruktorlar Kubokunda isə “McLaren” 559 xalla liderdir. “Ferrari”nin aktivində 260, “Mercedes”in isə 236 xal var.
Növbəti mərhələ olan Niderland Qran-Prisi 29–31 avqust tarixlərində keçiriləcək.
Bundan əvvəl, “Ferrari” komandasının monakolu pilotu Şarl Lekler, Macarıstan Qran-prisinin təsnifat mərhələsinin qalibi olmuşdu.