BAKI, AzerVoice, Səməd Əyyubov – Yəməndəki “Ənsar Allah” (husilər) hərəkatı, İsrailə qarşı üç pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirib.
AzerVoice xəbər verir ki, bu barədə hərəkatın silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə açıqlama verib.
Onun sözlərinə görə, hücumlar Təl-Əviv və Aşkelon şəhərlərindəki iki hərbi obyekti, həmçinin Hayfa limanını hədəf alıb.
Səriə bildirib ki, Yəmən Silahlı Qüvvələrinin PUA bölmələri üç fərqli hərbi əməliyyat həyata keçirərək İsrailə məxsus üç hədəfi vurublar. Onun sözlərinə görə, bu hücumlar İsrailə qarşı mübarizənin bir hissəsidir.
Bundan əvvəl, Husilər ballistik raketlə Təl-Əvivdəki Ben-Qurion hava limanına hücum etmişdilər.