Axtarış nəticələri "qəzza" (2637)

Bu gün yüzlərlə fələstinli ailə Qəzza şəhərindən çıxmağa başlayıb. Bəziləri yük maşınlarına minib, digərləri isə piyada hərəkət edib. AzerVoice-un məlumatına görə, İsrail ordusu dəfələrlə şəhərdən təxliyə elan etsə də, sakinlərin çoxu başqa gedəcək yerlərinin olmadığını bildirir. Onların sözlərinə görə, İsrail cənubda köçmələrini istədiyi ərazilərə də dəfələrlə zərbələr endirib. Xatırladaq ki, İsrail ordusunun sözçüsü Avixay Edri liman ərazisi və Ər-Rimal məhəlləsinin sakinlərini dərhal cənubdakı “humanitar zona”ya getməyə çağırıb. Lakin fələstinlilər orada artıq çadır qurmaq üçün boş yer qalmadığını deyirlər. Edri 250 mindən çox Qəzza sakininin şəhəri tərk etdiyini bildirsə də, Qəzza mülki müdafiə xidməti bu rəqəmin əslində təxminən 68 min olduğunu açıqlayıb.

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib. AzerVoice xəbər verir ki, səfər çərçivəsində o, ölkəsinin Təl-Əvivə dəstəyini bir daha təsdiqləyib. Bu bəyanat, İsrailin Qətərdə HƏMAS liderlərinə qarşı həyata keçirdiyi zərbələrin ABŞ prezidenti Donald Tramp da daxil olmaqla beynəlxalq və regional dairələrdə sərt tənqidlər doğurmasına baxmayaraq, səslənib. Rubio Təl-Əvivə yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, Trampın İsraili açıq şəkildə tənqid etməsi ABŞ-ın İsrailə dəstəyini dəyişməyəcək.

İsrail ordusu Qəzza zolağında 26 sığınacaq mərkəzini dağıdıb. İsrailin Qəzzaya qarşı həyata keçirdiyi son hücumlarında ölənlərin sayı yeddisi uşaq olmaqla 74 nəfərə çatıb. Ordunun açıqlamasında qeyd olunur ki, Qəzza şəhərində yerləşən “əl-Kövsər” qülləsinə də hücum planlaşdırılır. İsrail ordusu burada və ya yaxınlığında HƏMAS-a aid infrastrukturun olduğunu iddia edir. Ordunun sözçüsü “X” sosial şəbəkəsində paylaşım edərək Qəzza limanı və cənubi ər-Rimal məhəlləsindəki 727, 786, 787 və 788 nömrəli bloklarda yaşayanlara, xüsusilə də qırmızı rənglə işarələnmiş “əl-Kövsər” qülləsində və ətrafındakı çadırlarda qalanlara dərhal binaları tərk edərək əl-Məvasi adlı “humanitar zonaya” köçmələri barədə təcili xəbərdarlıq edib.

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 62 nəfər həlak olub. Bu barədə fələstinli mənbələr məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzza şəhərinin cənub-şərqində yerləşən Sabra məhəlləsinə endirdiyi zərbələrdə aralarında yardım paylama məntəqələrində çalışan 7 nəfərin də olduğu azı 62 mülki şəxs həyatını itirib, çoxlu sayda insan yaralanıb. İsrail ordusu həmçinin Qəzza şəhərinin cənub-qərbində yerləşən Baş Prokurorluq binasına üç hava zərbəsi endirib. Nəticədə bina tamamilə dağılıb. Hücumlar zamanı fələstinlilərin evləri, əvvəlki bombardmanlardan evsiz qalanların sığındığı məkanlar da hədəfə alınıb. Bu səhərə qədər Qəzza şəhərində bir yaşayış evi, üç sığınacaq və 20-dən çox bina yerlə-yeksan edilib.

Yəmən ordusunun sözçüsü Yəhya Sari şənbə günü verdiyi açıqlamada “Fələstin-2” ballistik raketi ilə Tel-Əvivdəki həssas hədəflərə zərbə endirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyat Fələstin xalqına dəstək məqsədilə, Qəzzaya qarşı soyqırımı və blokadaya cavab olaraq həyata keçirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İsrailin Qəzzada törətdiyi insanlıq əleyhinə cinayətlərin açıq şəkildə tanınması və ifşa edilməsi “ədalətli dünya üçün atılacaq ilk addımdır”. Fidan bu fikirləri cümə günü İtaliyanın paytaxtı Romada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda səsləndirib. O vurğulayıb ki, Qəzza məsələsi BMT Baş Assambleyasının gündəliyində olacaq və “bu mövzu beynəlxalq ictimaiyyət üçün doğru ilə yanlışı ayırd etmə testidir”.

1948-ci il mayın 14-də İsrail dövləti elan olundu və beş ərəb dövləti fələstinlilərə dəstək üçün İsrailə hücum etdi. İsrail ordusu ərəb ordularını dəf etdi və 1947-ci ildə BMT-nin Fələstin üçün müəyyənləşdirdiyi bölgü planında ərəblərə ayrılmış ərazilərin bir hissəsini ələ keçirdi. İki BMT vasitəçiliyi ilə atəşkəsdən sonra 1949-cu ilin fevralında İsrail Misir, Livan, İordaniya və Suriya ilə rəsmi barışıq sazişləri imzaladı. Bu razılaşmalar İsrailə müharibə zamanı ələ keçirdiyi ərazilərdə daimi nəzarət imkanı verdi.

Qəzza əhalisi uzun müddətdir gigiyenik şəraitin olmaması səbəbindən müxtəlif dəri xəstəliklərindən əziyyət çəkirdi. İndi isə eyni infeksiyalar İsrail ordusunun əsgərlərinə də yayılıb. Cümə günü ön cəbhəyə göndərilən yüzlərlə nizami və ehtiyat hərbçi qaşınmadan şikayətlənib, bədənlərində yaralar əmələ gəlib. “Yedioth Ahronoth” qəzetinin dərc etdiyi fotolarda əsgərlərin bədənində açıq yaralar görünür. Onların sözlərinə görə, səbəb bit, taxtabiti, digər həşərat sancmaları, üfunətli qoxu və dayanıqsız sularla bağlıdır. Bir əsgərin atası deyib: “Oğlum əvvəlcə bu əziyyəti gizlətmişdi. Ailəlikcə istirahətə çıxanda təsadüfən bədənindəki yaraları gördük. Bu dəhşətli idi. Övladlarımız qaşınmadan yata bilmir. Bu, Qəzzanın başqa bir lənəti kimi geri dönür.”

İspaniyanın şimalındakı Bask bölgəsinin Sestao şəhərində keçirilməsi planlaşdırılan 40-cı “Basque Country Open” şahmat turnirində israilli şahmatçıların İsrail bayrağı ilə çıxış etməsinə qadağa qoyulub. Bu qərar İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq qəbul edilib. İsrail isə buna cavab olaraq turnirdən çəkilmək qərarı verib.

BMT Təhlükəsizlik Şurasının İsrailin Qətərə hücumunu pisləyən bəyanatı uzun illərdən sonra ilk dəfə ABŞ-ın da beynəlxalq konsensusa qoşulması ilə mümkün olub. Bu dəfə Vaşinqton da İsrailin HƏMAS-a qarşı müharibəni aşaraq bütün beynəlxalq qanun və normaları pozan addımlarına qarşı çıxış edib. Şuranın qəbul etdiyi bəyanatda İsrailin adı açıq şəkildə qeyd olunmasa da, “əsas vasitəçi ölkənin ərazisi olan Dohaya edilən son hava hücumları pislənir” ifadəsi diqqət çəkib. Bu, nəinki Donald Tramp dövründə, hətta onun sələfi Co Baydenin hakimiyyəti illərində də ilk dəfə BMT TŞ-nin İsraili hədəf alan pisləmə bəyanatı idi.

Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında qadın və uşaqların da olduğu 20 fələstinli həyatını itirib. Hadisə şahidlərinin və xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu səhər saatlarından etibarən yaşayış məntəqələrini, yardım gözləyənləri və müxtəlif bölgələrdə yerləşən evləri hədəfə alıb. İsrail, Qəzza şəhərinin şimal-qərbində yerləşən Tuvan bölgəsində Sultan ailəsinə məxsus bir evə hava zərbəsi endirib. Hücum nəticəsində 14 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir-Səid İravani İsrailin Qətərə qarşı son hərbi hücumunu “terrorçu təcavüz” adlandıraraq sərt şəkildə qınayıb. O, Tehranın beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində Qətərin özünümüdafiə haqqını dəstəklədiyini vurğulayıb.

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbələrini qınayıb və ərəb dövlətinin suverenliyinə dəstəyini vurğulayıb. Bu barədə qurumun bəyanatında bildirilib. “Təhlükəsizlik Şurasının üzvləri sentyabrın 9-da Dohaya endirilən zərbələri pisləyiblər. Onlar insan tələfatı ilə bağlı dərin təəssüflərini ifadə ediblər. Onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyinə və ərazi bütövlüyünə dəstəklərini vurğulayıblar” - deyə, bəyanatda qeyd olunub.

Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirib. Bu barədə husilərin lideri Əbdül Malik əl-Husi məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunub. Husi lideri bildirib ki, PUA-lar “Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda (Eylat nəzərdə tutulur – red.) bir neçə hədəfi vurub”. O əlavə edib ki, uğurlu əməliyyatlardan biri İsrailin Ramon adlandırdığı hava limanına, digəri isə Lod hava limanına (Ben Qurion – red.) qarşı yönəldilib. Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında münaqişə kəskinləşdikdən sonra husilər İsrail ərazilərinə raket zərbələri endirəcəklərini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bəb əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Bu hücumlar bu ilin yanvar ayında Qəzzada atəşkəs elan olunandan sonra dayandırılmışdı.

İsrailin Dohada HƏMAS liderlərinə qarşı həyata keçirdiyi hücum bütün ərəb və islam dövlətlərinə müharibə elan etmək anlamına gəlir. Bu barədə HƏMAS-ın siyasi bürosunun üzvü Fauzi Barxum bildirib. “İsrailin törətdiyi bu cinayət sadəcə Qətərə hücum deyil, həm də bütün ərəb və islam ölkələrinə müharibə elanıdır və regionun sabitliyinə ciddi təhdid yaradır” – deyə, Barxum qeyd edib. Onun sözlərinə görə, İsrailin hücumu nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri Xalil əl-Heyyanın həyat yoldaşı, gəlini və nəvələri yaralanıblar. Əl-Heyyanın vəziyyəti barədə isə məlumat verilməyib.

Avropa Parlamenti, qəbul etdiyi yeni qərarla Avropa İttifaqına üzv ölkələri Fələstin Dövlətini tanımağı nəzərdən keçirməyə çağırıb. Qərar məcburi xarakter daşımır, lakin üzv dövlətlərə birbaşa tövsiyə mahiyyəti daşıyır. Parlament daha əvvəl “prinsipcə Fələstin dövlətinin tanınmasını” dəstəkləmişdi, lakin bu dəfə qəbul edilən sənəd hökumətləri daha açıq şəkildə hərəkətə keçməyə dəvət edir.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hava və artilleriya hücumları nəticəsində azı 9 fələstinli həyatını itirib, onlarla insan yaralanıb. Hücumlar həm mülki yaşayış evlərini, həm də yerindən edilmiş insanların sığındığı çadırları və yardım növbəsində gözləyən insan qruplarını hədəf alıb.

Hücumdan öncə Vaşinqtonun vasitəçiliyi ilə əldə olunan son razılaşmaya görə, “HƏMAS” 2023-cü ilin 7 oktyabr hücumları zamanı əsir götürülən bütün şəxsləri – diri və ya ölü – azad etməli, əvəzində isə İsrail yüzlərlə fələstinlini sərbəst buraxmalı idi. Bu prosesin ardınca tərəflərin daimi həll yolunu müzakirə etməsi nəzərdə tutulurdu. Lakin Netanyahu hökumətinin vaxt udmaq üçün prosesi ləngitdiyinə dair Vaşinqtonda narahatlıqlar mövcud idi.

Şahzadə vurğulayıb ki, 2002-ci ildə Səudiyyə tərəfindən irəli sürülən Ərəb Sülh Təşəbbüsü hələ də Fələstin dövlətinin qurulması üçün əsas yol xəritəsidir. Onun sözlərinə görə, Səudiyyənin diplomatik səyləri nəticəsində Fələstini tanıyan ölkələrin sayı artır və Nyu-Yorkda keçirilən beynəlxalq konfrans iki dövlətli həll yoluna dəstəyi gücləndirib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin Qəzza şəhərində binaları hədəf almağa davam etdiyini bildirərək, dünəndən etibarən şimaldan cənuba doğru 10 mindən çox insanın məcburi köçkün edildiyini açıqlayıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında danışıb. O bildirib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) əməkdaşları İsrail qüvvələrinin Qəzza şəhərində daha çox binanı bombaladığını qeyd ediblər.