BAKI, AzerVoice
Yeni aparılan beynəlxalq tədqiqat tropik fırtınaların yalnız birbaşa fəsadlar deyil, həm də uzunmüddətli sağlamlıq problemlərinə səbəb olduğunu üzə çıxarıb. Fırtınalardan sonra ürək-damar xəstəliklərinə görə xəstəxana müraciətlərinin artdığı müşahidə edilib.
AzerVoice xəbər verir ki, Avstraliyanın Monaş Universiteti və Yeni Zelandiyanın Otaqo Universiteti tərəfindən aparılan genişmiqyaslı araşdırma tropik fırtınaların sağlamlığa dolayısı təsirlərini ortaya qoyub.
Tədqiqatçılar 2000–2019-cu illər arasında Kanada, Yeni Zelandiya, Cənubi Koreya, Tayvan, Tayland və Vyetnamda baş vermiş 124 tropik fırtına ilə bağlı məlumatları bu ölkələrdəki xəstəxana qeydləri ilə müqayisə ediblər.
Əldə olunan nəticələrə görə, tropik fırtınalardan sonra ürək-damar xəstəlikləri səbəbilə xəstəxanaya müraciətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bu artım fırtınadan sonra təxminən iki ay ərzində zirvəyə çatır, təsirləri isə altı aya qədər davam edir, ən yüksək artım 20–59 yaş arası kişilər və qadınlarda qeydə alınıb.
Otaqo Universitetinin aparıcı tədqiqatçısı Simon Hales bildirib ki, fırtınaların yaratdığı fəsadlar təkcə birbaşa zədələnmə və ya ölüm halları ilə məhdudlaşmır. Onlar infrastrukturun sıradan çıxması, səhiyyə xidmətlərinə çıxışın məhdudlaşması və insanların dolanışıq imkanlarının pozulması kimi dolayı amillərlə də sağlamlığa ciddi təsir göstərir.
Araşdırmanın nəticələri nüfuzlu “Science Advances” elmi jurnalında dərc olunub və iqlim dəyişikliyinin insan sağlamlığına dolayısı təsirlərinə dair mövcud elmi bazanı gücləndirən mühüm sübutlardan biri sayılır.