BAKI, AzerVoice
Filippində “Ko-May” tayfununun gətirdiyi leysan yağışlar– nəticəsində baş verən daşqınlar on minlərlə insanın təxliyəsinə səbəb olub.
AzerVoice xəbər verir ki, bu barədə Filippin mediası məlumat yayıb.
Daşqınlar nəticəsində azı 19 nəfər həlak olub, 11 nəfər itkin düşmüş sayılır.
Filippin Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, təxminən 70 daxili və beynəlxalq uçuş ləğv edilib. Paytaxt Manila və ölkənin ən böyük şəhərlərindən biri olan Kueson-Sitinin yerləşdiyi Luson adasında məktəblərdə dərslər cümə gününə qədər dayandırılıb.
Filippin Prezidenti Ferdinand Markos baş verənləri iqlim dəyişikliyi fonunda “yeni reallıq” kimi dəyərləndirib və bu şəraitə uyğunlaşmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, ötən ilin oktyabrında “Trami” tropik fırtınasının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində Filippində azı 82 nəfər həlak olmuşdu. Həmin vaxt da Luson adası ciddi zərər görmüşdü.