BAKI, AzerVoice
Pakistanda iyun ayından bəri ölkəni təsir altına alan güclü musson yağışları nəticəsində ölənlərin sayı 279-a çatıb.
AzerVoice xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsi (NDMA) leysan yağışlar nəticəsində ölənlərin və yaralananların sayını açıqlayıb. Açıqlamada 279 nəfərin öldüyü, 676 nəfərin isə yaralandığı bildirilib.
Hayber Paxtunxva, Pəncab, Sind və Bəlucistan əyalətlərində davam edən musson yağışları can və mal itkilərinə səbəb olmaqda davam edir.
Açıqlamada yağışlardan ən çox zərər çəkən Pəncabda 151, Hayber Paxtunxvada 64, Sinddə 25 və Bəlucistanda 20 nəfərin öldüyü qeyd edilib.
Bundan əlavə, ölkənin şimalındakı Gilgit Baltistanda ölənlərin sayı 9-a yüksələrkən, İslamabadda 8, Azad Kəşmirdə isə 2 nəfərin öldüyü paylaşılıb.
Digər tərəfdən leysan yağışlar nəticəsində 1553 tikilinin zədələndiyi, 374 heyvanın tələf olduğu bildirilib.
Səlahiyyətlilər sakinlərə, xüsusən də daşqın təhlükəsi olan və alçaq ərazilərdə olanlara xəbərdarlıq edib.
Qeyd edək ki, Cənubi Asiyada iyun və sentyabr ayları arasında təsirli olan musson yağışları hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.