Əsas səhifə » Mineral su içmək arıqlamağa kömək edə bilər

Mineral su içmək arıqlamağa kömək edə bilər

BAKI, AzerVoice

Yaponiya və Böyük Britaniyada aparılan araşdırmalara əsasən, qazlı mineral su istehlakı metabolizmaya cüzi şəkildə təsir göstərərək arıqlama prosesinə dəstək ola bilər.

Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu təsir təktərəfli deyil və sabit çəki itkisinin əsas yolu hələ də balanslı qidalanma və fiziki fəallıqdan keçir.

BMJ Nutrition, Prevention & Health jurnalında yayımlanan tədqiqatın müəllifi, Tesseikai Neyrocərrahiyyə Xəstəxanasından Dr. Akira Takahaşi bildirib ki, qazlı suyun qanda şəkər səviyyəsini bir qədər azaltması müşahidə olunub.

Bu mexanizm mədə divarından suyun tərkibindəki karbon qazının sorulması və orqanizmdə qələviləşmə reaksiyası ilə izah edilir.

Takahaşiyə görə, bu biokimyəvi proses müəyyən dərəcədə metabolik fəallığı artıraraq, şəkərin daha tez sorulmasına və dolayısıyla yağ yanmasına dəstək ola bilər.

Bununla belə, araşdırmada yalnız mineral su içməklə əhəmiyyətli çəki itkisinə nail olunmasının mümkün olmadığı vurğulanır. Dr. Takahaşi bildirir ki, bu cür içkilər sadəcə kiçik miqyaslı dəstək vasitəsidir və əsas vasitə hesab edilə bilməz.

Ekspertlər, qazlı suyun həssas şəxslərdə və ya həzm sistemi pozuntusu olan insanlarda şişkinlik, qaz və digər mədə-bağırsaq problemlərinə səbəb ola biləcəyi barədə də xəbərdarlıq ediblər.

Nəticə etibarilə, qazlı mineral su müəyyən faydalar göstərə bilsə də, onu arıqlamanın əsas vasitəsi kimi görmək elm tərəfindən dəstəklənmir. Mütəxəssislər balanslı qidalanma və aktiv həyat tərzinin əvəzolunmaz olduğunu bir daha xatırladırlar.

Digər Kateqoriyalar

2025 © Azervoice