BAKI, AzerVoice
İran parlamenti, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salacağı təqdirdə, ölkənin Nüvə Silahlarının Yayılmamasına dair Sazişdən (NPT) çıxmasını 24 saat ərzində təsdiqləməyə hazırdır.
AzerVoice xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Mənüçöhr Mottaki bildirib.
“Bir qrup deputat İranın NPT-dən çıxması ilə bağlı qanun layihəsini parlamentin hüquqi sistemində qeydiyyatdan keçirib və əgər Avropa tərəfi düşünülməmiş addımlar ataraq İrana qarşı yeni təzyiq alətlərini işə salarsa, bu layihə 24 saat ərzində təsdiqlənəcək” - deyə, o qeyd edib.
Mottaki əlavə edib ki, ABŞ və Avropa İrana təzyiq yolu ilə uranın zənginləşdirilməsi sahəsindəki qanuni hüququndan imtina etdirməyi bacaracaqlarını düşünməməlidirlər. Onun fikrincə, İran diplomatları avropalılarla danışıqlarda hədsiz həvəs göstərməməlidir, çünki “onlar son 22 ildə etibarsızlıqlarını və bacarıqsızlıqlarını sübut ediblər”.
Qeyd edək ki, 25 iyul tarixində İstanbulda 12 günlük İran-İsrail müharibəsindən sonra ilk dəfə olaraq İranla “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) arasında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli məqsədilə xarici işlər nazir müavinləri səviyyəsində danışıqlar baş tutub. Görüşdən sonra tərəflər məsləhətləşmələrin davam etdiriləcəyini bildiriblər. İran Xarici İşlər Nazirinin müavini Kazım Qəribabadi görüşü “əhatəli və səmimi” olaraq qiymətləndirib.
Xatırladaq ki, ABŞ və “Avropa üçlüyü” İranla nüvə sazişinin bağlanması üçün avqustun sonunu son tarix kimi müəyyən ediblər. Əgər bu müddətədək razılaşma əldə olunmasa, Böyük Britaniya, Almaniya və Fransa Tehrana qarşı sanksiyaların bərpası mexanizmindən istifadə etməyi planlaşdırırlar.