BAKI, AzerVoice
Yürüş vərdişinin sağlamlığa təsiri ilə bağlı aparılan yeni tədqiqat, gündə cəmi 7 min addım atmağın demans, ürək-damar xəstəlikləri, xərçəng və tip 2 şəkərli diabet kimi bir sıra ciddi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoyub.
Nüfuzlu “The Lancet Public Health” jurnalında dərc olunan araşdırmaya görə, bu sayda addım atmaq demans riskini 38 faiz, xərçəng riskini isə 6 faiz aşağı salır. Araşdırma çərçivəsində 31 müxtəlif tədqiqatdan əldə edilən və ümumilikdə 160 min nəfərə aid məlumatlar təhlil edilib.
Londondakı Brunel Universitetinin hərəkətsiz həyat və sağlamlıq sahəsində çalışan tədqiqatçısı Dr. Daniel Bailey, araşdırmada birbaşa iştirak etməsə də, nəticələri şərh edib.
“Bu nəticələr, sağlam qalmaq üçün gündə mütləq 10 min addım atılmalı olduğu barədə yayılan düşüncənin elmi əsasını sarsıdır. Hətta gündə əlavə 1000 addım belə sağlamlıq üçün nəzərəçarpacaq fayda verir”- deyə o bildirib.
Tədqiqatda qeyd olunur ki, gündə yalnız 4 min addım atan insanlar belə, cəmi 2 min addım atanlarla müqayisədə daha yaxşı sağlamlıq nəticələri əldə edirlər. Xüsusilə ürək xəstəliyindən əziyyət çəkənlər üçün daha çox hərəkət daha effektiv nəticələr doğurur. Lakin təxminən 7 min addımdan sonra əldə edilən faydalar sabitləşir və artım daha zəif hiss olunur.
Alimlər bildirirlər ki, bəzi nəticələr, xüsusilə xərçəng və demansla bağlı olanlar, yalnız bir neçə tədqiqat əsasında formalaşıb və nəticələrə ehtiyatla yanaşmaq lazımdır. Bəzi hallarda isə araşdırmalarda iştirakçıların yaşı və ümumi sağlamlıq durumu kimi faktorlar nəzərə alınmayıb.
Mütəxəssislər böyüklərə həftəlik minimum 150 dəqiqə orta intensivlikdə və ya 75 dəqiqə yüksək intensivlikdə fiziki fəaliyyət tövsiyə edir. Bu baxımdan, 7 min addımlıq gündəlik hədəf çoxları üçün həm əlçatan, həm də sağlamlıq baxımından kifayət qədər faydalı sayılır.