BAKI, AzerVoice
XX əsrin ən böyük və ən təsirli rəssamlarından biri sayılan Pablo Pikasso 25 oktyabr 1881-ci ildə İspaniyanın Malaqa şəhərində dünyaya gəlib.
Pikassonun atası rəsm müəllimi idi və oğlunu klassik akademik sənət istiqamətində yetişdirirdi. Gənc Pablo cəmi 13 yaşında ilk sərgisini açdı, lakin tezliklə incəsənət məktəbini tərk edərək müasir üslublarda sərbəst yaradıcılığa başladı.
1900-cü ildə ilk dəfə Parisə səfər edən Pikasso, bir il sonra Rue Lafitte küçəsində yerləşən nüfuzlu qalereyada sərgisini keçirdi. O zaman Barselonadan kənarda az tanınsa da, artıq yüzlərlə əsər yaratmışdı. Paris ictimaiyyəti onun yaradıcılığını müsbət qarşıladı və Pikasso həmin ildən etibarən bu şəhərdə məskunlaşdı.
Yaradıcılıq dövrləri
Pikassonun 80 illik yaradıcılıq irsi - 50 mindən çox rəsm, heykəl, qravüra və keramika əsərindən ibarətdir. Onun sənəti bir neçə mərhələyə bölünür:
“Mavi dövr” (1901–1904) - yoxsul və tənha insanların həyatı mavi tonlarda təsvir olunur. Məşhur “Köhnə gitarist” əsəri (1903) bu dövrə aiddir.
“Qızılı (çəhrayı) dövr” (1904–1906) - sirk səhnələri və insan münasibətlərinin poetik təsvirləri ilə seçilir.
1907-ci ildə Pikasso sənət tarixini dəyişdirən “Avinyonun qızları” (“Les Demoiselles d’Avignon”) əsərini yaratdı. Bu tablo insan bədənini parçalayıb yenidən qurmaqla, kubizmin əsasını qoydu.
Kubizm və yeniliklər
1909-cu ildə Pikasso fransız rəssam Jorj Brakla birgə kubizm cərəyanını formalaşdırdı. Bu üslub iki mərhələdən ibarət idi - analitik və sintetik kubizm. Onlar sənətin gerçəkliyi təkrarlamaq məcburiyyətində olmadığını sübut etdilər. Pikassonun kubist əsərləri arasında “Üç musiqiçi” (1921) və Sergey Dyagilevin “Rus baleti” üçün hazırladığı səhnə dekorasiyaları xüsusi yer tutur.
“Gernika” - müharibənin faciəvi simvolu
1930-cu illərdə Pikasso yaradıcılığında zorakılıq və müharibə mövzuları gücləndi. 1937-ci ildə o, “Gernika” adlı möhtəşəm əsərini çəkdi - bu tablo İspaniya vətəndaş müharibəsi zamanı alman bombardmançıları tərəfindən yerlə-yeksan edilən Bask şəhərinin faciəsini əks etdirirdi.
İkinci Dünya müharibəsi dövründə Pikasso Parisdə qalaraq faşizmə qarşı çıxış etdi və müharibədən sonra Fransa Kommunist Partiyasına qoşuldu.
Müharibədən sonra Pikasso keramika, qravüra və klassik rəssamların əsərlərinə yeni baxışlarla təcrübələr aparmağa başladı. Onun enerjisi və yaradıcılıq ehtirası 91 yaşına qədər azalmadı. O, 1973-cü ildə vəfat etdi.
Bu gün Pikasso dünya incəsənətinin simvolu, sərhədləri aşan və müasir sənət anlayışını dəyişdirən ən böyük rəssam və yenilikçilərdən biri kimi qəbul olunur.