BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Qətlindən əvvəlki dövrdə, “Hizbullah”ın sabiq baş katibi Həsən Nəsrullah inanırdı ki, “dəstək müharibəsi” (yəni İsrailə qarşı cəbhə yardımı) sona qədər “toqquşma qaydaları” çərçivəsində qalacaq və İran Livanda 40 illik “İslam Müqaviməti”ni asanlıqla qurban verməyəcək. Lakin bir sıra səhv hesablamalar, partiyanın müharibə ilə bağlı həlledici qərarlar qəbul etməsinə mane oldu. 2024-cü ilin sentyabrına qədər isə bu müharibə artıq qanlı və hərtərəfli qarşıdurmaya çevrilmişdi.
Hizbullahın bir çox hərbi sirrləri, İsrail tərəfindən öldürülən sahə komandirləri ilə birlikdə torpağa gömüldü. Bu itkilərlə Nəsrullahın əvəzləyiciləri isə sahə biliklərindən məhrum idilər.
Bununla belə, başqa bir versiyaya görə, partiyanın əsas problemi liderlərin ölümü deyil, raket operatorlarının itirilməsi idi - “Hizbullahın və müharibənin nadir valyutası”.
Bu araşdırma məqalə 2024-cü ildə “Hizbullah” rəhbərliyi ilə əlaqəsi olan livanlı və iraqlı şəxslərlə aparılmış müsahibələrə əsaslanır. Bu müsahibələr 2025-ci ilin avqust–oktyabr ayları arasında həyata keçirilib. Müsahibələrə sabiq komandirlər, din xadimləri və təhlükəsizlik işçiləri daxildir. Bəzilərinin kimliyi təhlükəsizlik səbəbindən açıqlanmayıb.
“Dəstək müharibəsi” Livanda müxtəlif qarşı-qarşıya gələn narrativlərin səhnəsinə çevrilsə də, bu ifadələr Nəsrullahın qətlindən əvvəlki son səhnənin bəzi boşluqlarını doldurur - 2024-cü ilin yanvarından sentyabrına qədər olan dövrü əhatə edir.
Həmin müddətdə Livan hakimiyyət orqanlarının məlumatına görə, təxminən 3.768 nəfər öldürülüb, 15 mindən çox adam yaralanıb. Tel-Əviv Universitetinin hesabatına əsasən, “Hizbullah” 12 mindən çox hədəfə zərbə endirilən İsrail hücumlarında təxminən 2.500 döyüşçüsünü itirib.
Bu hücumların ən böyük itkisi Həsən Nəsrullahın özü, həmçinin “cihadçı elita”ya daxil olan yüksək səviyyəli hərbi liderlər olub.
Müharibənin ilk həftələrində “Hizbullah” rəhbərliyində belə bir inam hökm sürürdü ki, “toqquşma qaydaları” qüvvədə qalacaq və vəziyyət “genişmiqyaslı müharibəyə çevrilməyəcək”.
Bu barədə “Hizbullah”ın hərbi rəhbərləri ilə sıx əlaqədə olmuş livanlı mənbə “Əş-Şərq əl-Əvsət” qəzetinə danışıb.
Adının açıqlanmaması şərti ilə danışan həmin şəxs bildirib ki, müharibənin erkən mərhələsində partiyanın daxilində keçirilən qapalı toplantılardan birində “Nəsrullahın hesablamaları Şəbəa fermaları bölgəsində lokal toqquşmalardan o tərəfə keçmirdi”.
“Şəbəa fermaları” ifadəsi burada simvolik mənada işlədilirdi - yəni “Hizbullah” ilə İsrail ordusu arasında müəyyən edilmiş “klassik” qarşıdurmalar: partlayıcı dronlardan və ya yerli istehsal raketlərdən istifadə edilən məhdud əməliyyatlar.
“Hizbullah” 2006-cı il müharibəsindən sonra əldə olunan genişmiqyaslı əməliyyatların dayandırılması razılaşmasından bəri “caydırıcılıq balansı” konsepsiyasına əsaslanaraq hərəkət edirdi.
Həmin il Nəsrullah məşhur çıxışında demişdi ki, “biz açıq müharibəyə gedirik”, lakin əslində bu bəyanat praktik addımlara çevrilməmişdi.
Həmin livanlı mənbənin dediyinə görə, partiyanın bir komandiri (sonradan yaralanaraq səhnədən çəkilmiş şəxs) etiraf etmişdi ki, “Əqsanın Tufanı” əməliyyatından sonra Hizbullahın planlarının bir hissəsi Tehranın diplomatik danışıqlarda atəşkəsə nail olacağı ümidi üzərində qurulmuşdu.
Mənbə “Əş-Şərq əl-Əvsət”ə bildirib ki, “partiya gözləyirdi ki, İran bu qeyri-bərabər münaqişədə tarazlığı bərpa etsin. Nə qədər ki, ‘göbək bağı’ Tehrandan Bəyrutun Dahiyə bölgəsinə uzanırdı, atəşkəs anına böyük itki vermədən çatmaq mümkün olacaq”.İran rəsmiləri, o cümlədən ali lider Ayətullah Əli Xamenei dəfələrlə bəyan etmişdilər ki, Tehran öz müttəfiqlərini tərk etməyəcək.
Elə Həsən Nəsrullahın özü dəfələrlə vurğulamışdı ki, “partiyanın siyasi, maliyyə və hərbi sabitliyinə görə təşəkkür İrana borcludur”.
Bəyrutun Dahiyə yaxınlığında yaşayan şiə din xadimi “Əş-Şərq əl-Əvsət”lə söhbətində “Hizbullah”ın ümumi müharibənin başladığını vaxtında anlamamasına səbəb olan dönüş nöqtəsindən danışıb.
Bu din alimi - Livan vətəndaşı, Nəcəfdə dini təhsil almış şəxsdir. O, müharibə zamanı ailəsindən dörd gənci itirib - onlardan ikisi cənubdakı “Mərcuyun” bölgəsində yerləşən “Ədiyse” qəsəbəsinə edilən İsrail hücumunda həlak olub.
O deyib ki, Nəsrullah da müharibənin gedişatını dəyişdirən mühüm komandirlərini itirdi.
“Sonda məlum oldu ki, hər dəfə bir sahə komandiri öldürüləndə, Nəsrullah aydın görmə qabiliyyətini itirirdi. Sabiq baş katib döyüş meydanlarını izləməyə həddən artıq aludə idi, amma tədricən öz ‘gözlərini’ itirdi.”-deyə din xadimi bildirib.
Onun sözlərinə görə, Nəsrullahın vəziyyətinə ən çox təsir edən itkilər üç komandirin ölümü olub:
Talib Abdullah (ləqəbi Əbu Talib),İbrahim Aqil (İbrahim Təhəssin adı ilə də tanınırdı), və Vissam ət-Tavil – sonuncunun sabiq baş katib ilə qohumluğu olduğu güman edilir, amma bu fakt təsdiqlənməyib.
Hadisələrin ardıcıllığı göstərir ki, Nəsrullah “dəstək müharibəsinin” müxtəlif mərhələlərində “üç gözünü” bir-bir itirdi.
Vissam ət-Tavil - “Rizvan Qüvvələri”nin tanınmış komandiri - 2024-cü il 8 yanvarda öldürüldü.
İsrail 11 iyun tarixində Livanın cənubundakı Cuya kəndində bir evi bombaladı və nəticədə Əbu Talib (Talib Abdullah) həlak oldu. O, partiyanın İsrail sərhədi ilə Litani çayı arasındakı orta cəbhə zolağı üzrə əməliyyatlarına cavabdeh idi.
O vaxt deyilirdi ki, “bu sui-qəsd Nəsrullah üçün ən ağır zərbə idi”.
2024-cü il 20 sentyabrda isə Nəsrullah İbrahim Aqili - partiyanın Hərbi Şurasının rəhbərini itirdi. Aqil, iyulun 30-da öldürülən Fəvad Şükürün yerinə keçmişdi.
“Nəsrullah artıq çaşqın, qarışıq məlumatlar içində qalmışdı, sahədəki komandirlər nə baş verdiyini anlamaqda çətinlik çəkirdilər,” - deyə həmin din xadimi bildirib.
Bəzi mənbələrə görə, idarəetmə otaqlarında xaos yaranmışdı.Sahə komandirləri “emosional və qorxu dolu reaksiyalar verirdilər”, bu da “nizam-intizamın pozulmasına gətirib çıxarırdı”.
İyulun 3-də partiyanın “Əziz” bölməsinin rəhbəri Məhəmməd Nəim Nəsir də öldürülmüşdü.
Son olaraq, Əli Kərki - “Hizbullah”ın yüksək rütbəli komandiri - 2024-cü il 27 sentyabrda, Nəsrullahla birlikdə, Dahiyədəki “Hay Madi” bölgəsinə endirilən zərbədə həlak oldu.
“Hizbullah”ın problemi - “Hizbullah”ın özüdür
Partiyanın əsas problemi onun liderləri yetişdirmə və əvəzləmə mexanizmində idi. Livan mənbələrinin sözlərinə görə, 2024-cü ilin yanvarından noyabrına qədər hədəf alınaraq öldürülən sahə komandirləri “ardıcıl zəncirin qırılmış halqaları” idilər - yəni sistemli idarəetmə strukturu yox idi, bilik və təcrübə nəsildən-nəsilə ötürülmürdü.
Mənbələr bildirir ki, əvəzləyici komandirlər həlak olan liderlərin sahə sirlərini tam mənimsəyə bilmirdilər. Bir çox əməliyyat detalları məxfi qalırdı. Bu da Nəsrullahın müharibə zamanı qərar verməsini və partiyanın koordinasiyasını çətinləşdirirdi.
Hizbullah komandiri özünəməxsus əlaqə, məlumat və idarəetmə sistemi qururdu. Onlar şəxsi təcrübələrinə əsaslanaraq müstəqil şəbəkələr yaradırdılar. Komandir öldükdə isə bütün bilik və xəritələr onunla birlikdə torpağa gömülürdü - hətta silah anbarlarının yerləri və ya yerləşmə planları belə.
Bu vəziyyəti həmin din xadimi belə ifadə edib:“Müharibənin müəyyən mərhələsində İsrailin dronları səmanın üzərindən uçarkən, həmin bölgədə yeni təyin edilmiş ‘Hizbullah’ komandirindən daha çox məlumat toplayırdı.”
Həsən Nəsrullahın ərtafında şübhə ilk dəfə 2024-cü ilin 2 yanvarında - HƏMAS-ın sabiq siyasi büro rəhbərinin müavini Saleh əl-Arurinin qətli ilə yaranmışdı.
Livanlı din xadiminin sözlərinə görə, həmin ilin ilk həftəsi çox ağır keçmişdi, çünki elə həmin günlərdə Vissam ət-Tavil də öldürülmüşdü.
Partiya daxilində gizli şəkildə belə söz-söhbət yayılmışdı ki, “Nəsrullah bu iki qətli gözləmirdi və uzun müddət sükuta qapıldı.”
O, hücum deyil, müdafiə taktikasını seçdi. Livanlı yazıçı və nəşriyyatçı Əli Əminin dediyinə görə, Hizbullah rəhbərliyindəki bəzi komandirlər və hərbçilər Nəsrullahla təcili görüş keçirərək “İsrailin kadr ovuna qarşı genişmiqyaslı cavab müharibəsinin başlanmasını” tələb etmişdilər, lakin Nəsrullah onlara belə cavab vermişdi: “Bu məsələyə qəti girməyin!”
Bu mövqe partiyanın daxilində geri çəkilmə və dərin şübhə dövrü yaratdı.
Din xadimi deyir: “Bu, xüsusilə şiə islam hərəkatları üçün tipik davranışdır - özünütəftiş məqsədilə daxilə çəkilmək.”
Lakin Livan təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, “Hizbullah” bu dövrdə öz rabitə şəbəkələrini silkələdi, informasiya sızmasının haradan baş verdiyini tapmağa çalışdı.
İraqlı şiə komandirlərdən biri, 2015-ci ildən bəri Hizbullahla əlaqə kanalı olan şəxs, bildirib ki, “Beyrutdakı qətllər artdıqca, rabitə kanalları bir neçə dəfə dəyişdirilib”.
“Hər dəfə əlaqə qurmağa çalışanda yeni simalarla rastlaşırdıq. Partiya artıq əvvəlki etibarlı əlaqə nöqtələrinə güvənmirdi.”
İraqlı fraksiyalar da “Hizbullah”dakı gərginliyi hiss etmişdi. Onların sözlərinə görə, Livanlı komandirlər əvvəllər Bağdaddakı qruplara siyasi və əməliyyat təhlilləri göndərirdilər, amma sonradan bu məlumat axını kəsilmişdi.
2024-cü ilin avqustunda İran tərəfi bəzi iraqlı silahlı qruplara “Hizbullahı mediada dəstəkləmək və müharibəyə hazır olduqlarını bəyan etmək” təlimatı göndərmişdi.
Bir neçə həftə sonra, həmin qruplar İrana mesaj göndərərək döyüşə hazır olduqlarını bildiriblər, lakin cavab belə olub:“Yox, hətta Nəsrullah da bunu istəmir.”
2024-cü il sentyabrın 20-də “Kətaib Seyyid əş-Şühəda” fraksiyası 100 min döyüşçünü Livan sərhədinə göndərməyə hazır olduqlarını açıqlasa da, heç kim getmədi.
Bir “xəyanət qoxusu” yayılmağa başlamışdı
İraqlı komandir “Əş-Şərq əl-Əvsət”ə bildirib ki, 2024-cü ilin sentyabrına qədər Beyruta dəfələrlə səfər edib, lakin vasitəçilərdən bəziləri qəfil işdən uzaqlaşdırılmış, partiya isə “mesaj ötürmə mexanizmini dəyişməkdə” sanki yeni üsullar sınaqdan keçirmişdi.
Din xadiminin sözlərinə görə, Hizbullah informasiya sızmasının haradan baş verdiyini tapmaq üçün rabitə sistemlərini təkrar-təkrar test edirdi.
Lakin bu cəhdlər nəticə vermədi. Çünki “beeper” adlanan radio-rabitə cihazlarının partlaması partiyanı sarsıtdı, liderlər bir-biri ilə əlaqəni itirdi və komanda sistemi iflic oldu.
Nəticədə, “Hizbullah” 2023-cü ilin oktyabrından bəri toplanmış kəşfiyyat boşluğunu doldura bilmədi.
Din xadiminin sözlərinə görə, bəzi sahə bölmələri “beeper” partlayışlarından sonrakı günlərdə rəhbərlikdən heç bir göstəriş almamışdı, rabitə kəsilmişdi.
Bir müddət sonra komanda yenidən əlaqə qurmağa cəhd etdi, lakin artıq bu “əmrlər faydasız idi”.
Həmin dövrdə “Hizbullah”ın hərbi komandirlərindən biri Nəsrullahdan soruşmuşdu:“Toqquşma qaydaları hələ də qüvvədədir?” Lakin cavab gəlməmişdi. Bu, Hizbullah daxilində çox nadir hal idi.
Beləliklə, Nəsrullah artıq istəmədiyi, amma içində olduğu “açıq müharibənin” ortasında qalmışdı.
Qərar qəbul etmək üçün gec idi.
Livanlı mənbələr bildirir ki, həlledici toplantılarda iştirak edən komandirlər artıq Nəsrullahın vəziyyətinin dəyişdiyini anlayırdılar: o, artıq döyüşü idarə etmir, sadəcə reaksiya verirdi.
Livanlı media eksperti Əli Məhəmməd Əhməd bu durumu belə təhlil edir: “Əgər toqquşma qaydaları saxlanılsaydı, balans İsrailin əleyhinə dönərdi. Amma Hizbullah texnoloji və informasiya sahəsində İsrailin üstünlüyünü düzgün qiymətləndirmədi - bu, partiyanın itirdiyi ən əsas amil idi.”
Geniş şəkildə yayılan məlumatlara görə, 2024-cü il 27 sentyabrda Həsən Nəsrullah Hizbullahın pilotsuz uçuş aparatları bölməsinin rəhbəri Məhəmməd Sürurun dəfnində iştirak etmişdi.
Daha sonra o, İranın “Qüds Qvardiyası”nın Livandakı sədr müavini Abbas Nilfuruşan ilə birlikdə Dahiyənin Hərə Hərik məhəlləsinə yola düşüb.
Bu görüşdə nə danışıldı, heç kim bilmir. Ehtimal edilir ki, onlar “dəstək müharibəsinin” gedişini son dəfə birgə dəyərləndiriblər.Sonra onlar yeraltı sığınacağa - partiyanın mərkəzi qərargahına eniblər. Elə orada da hər ikisi İsrailin betonqırıcı bombalarla həyata keçirdiyi hücumda öldürülüb.
Ertəsi gün Dahiyədə və bütün Livanda saysız suallar doğdu - ‘Kimi kim aldadıb? Hizbullah İrandan, yoxsa İran Hizbullahdan üz döndərdi?’”
Yazıçı Əli Əminin fikrincə, Nəsrullah əgər arxasında İranın roluna inanmasaydı“Birləşmiş cəbhələr doktrinasını” elan etməzdi.O, inanırdı ki, İsrail Livan, İraq və Yəməndəki İran qollarını nəzərə alır.
Lakin ard-arda gələn hərbi və təhlükəsizlik zərbələri həm Nəsrullahı, həm də Tehranı çaşqınlığa saldı - nəticədə “onların arasındakı ip qırıldı”.
Əhmədin fikrincə, “Hizbullah”ın problemi liderlərini deyil, “strateji raket operatorlarını” itirməsində idi.
“Partiya atəşkəsdən əvvəlki son gündə yüzlərlə raket atdı. Bu, onun yeni operatorlar tapdığını göstərirdi. Heç kim heç kimi satmadı. Sadəcə, həm İran, həm də ‘Hizbullah’ 7 oktyabr 2023-dən əvvəlki zamanda ilişib qalmışdı” - deyə Əhməd bildirib.
İraqlı amerikaşünas alim Əqil Abbas isə hesab edir ki , nə İran, nə də ‘Hizbullah’ hadisələrin miqyasını düzgün anlaya bildi.
“İsrail və Netanyahu açıq şəkildə bildirirdilər ki, baş verənlər ABŞ-da 11 sentyabr hadisələrinə bənzəyir. Yəni köhnə qaydalar artıq işləmir, yeni qaydalar zorla tətbiq olunur.”-deyə o bildirib.
Abbas əlavə edib ki, bu dəfə beynəlxalq vasitəçilər də səhnədən çəkilmişdi.
İsrailin çevikliyi və texnoloji üstünlüyü fərqi müəyyən etdi. İranın reaksiya verməyə imkanı yox idi - hadisələr onun planlama gücündən çox sürətli idi.
Sonradan Tehran Nəsrullahla əlaqə saxlayaraq onu sakitləşməyə və bəlkə də geri çəkilməyə çağırmağa çalışdı, lakin artıq gec idi.