BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Siyasi qüvvələr arasında kəskin rəqabət davam edərkən, 11 noyabrda keçiriləcək seçkilər ərəfəsində bir çox iraqlı bu prosesi laqeydlik və ya bəzən narazılıq hissi ilə qarşılayır. Xüsusilə küçələrdə, yollar boyunca və ictimai meydanlarda ifrat dərəcədə çox sayda afişa və şüarların yayılması seçki mühitinə qarşı bezginlik yaradıb.
Bir çox vətəndaşlar namizədlərin çıxışlarını sadəcə mobil telefonlarından izləməklə kifayətlənir. Lakin bu çıxışlar çox vaxt onları qəzəbləndirir - çünki ya mənasız, ya da məzhebi, regional və dini ritorika ilə doludur. Bu cür mesajlar artıq çoxları üçün yorucu və mənasız görünür.
Ammar əl-Həkim rəhbərlik etdiyi “Dövlət Qüvvələri Alyansı”nın “Fürsəti qaçırmayın ” şüarı altında keçirdiyi kampaniyaya görə ciddi tənqidlərə məruz qalıb. Şüar, son 20 ildə şiə partiyaları tərəfindən möhkəmləndirilən sektarian ritorikanın təkrarı kimi qəbul olunub. Tənqidçilərə görə, bu kampaniya Həkimin və onun müttəfiqlərinin hakimiyyətin şiə blokunun əlində qalmasını istədiyini göstərir.
Eyni vəziyyət “Təqəddüm” partiyasının lideri Məhəmməd əl-Həlbusinin kampaniyasına da aiddir. O, “Biz bir ümmətik” şüarından istifadə edir və bu, “sünni məzhəbinə” işarə kimi qəbul edilir. Həlbusi bir mitinqdə açıq şəkildə demişdi: “Cəmil sünni kimliyinə malik bir namizəddir, o öz xalqını və vilayətini müdafiə edir.”
Son günlərdə yayılan videolarda bir qrup tələbə bildirib ki, “Əsəib Əhlil-Həqq” hərəkatının rəhbərlərindən, ali təhsil naziri Nəim əl-Ubeydi onları aldadaraq seçki kampaniyasına cəlb edib. Tələbələrə əvvəlcə “təhsil məsələləri” barədə görüş olacaq deyilmiş, lakin tədbir seçki mitinqinə çevrilib. Nazir isə daha sonra hadisədən xəbərsiz olduğunu iddia edib.
Seçki proqramlarının problemi
Cənub Neft Şirkətinin əməkdaşı Əhməd əl-Hizal hesab edir ki, hazırkı seçki kampaniyaları və şüarlar “xalqın siyasi təbəqədən iyrənməsinə” və seçkilərdə iştirakdan imtina etməsinə səbəb olur. Onun sözlərinə görə, “bu kampaniyalar real proqramlardan çox, mənasız çıxışların və vizual çirklənmənin yarmarkasına çevrilib - namizədlərin şəkilləri və afişaları küçələri doldurub, lakin seçicilər buna fikir vermir.”
Əsaslı dəyişiklik gözlənilmir
Mosuldan olan jurnalist Cümana Mumtaz hesab edir ki, bu seçkilər “siyasi xəritəni dəyişməyəcək”. O deyir: “Kütləvi iştirak fərq yarada bilər, amma reallıq ondan ibarətdir ki, pulu, silahı və medianı idarə edənlər siyasi oyunun qaydalarını diktə edir.”
O, 2021-ci il seçkilərini xatırladır: “O zaman adətən qalib gələn partiyalar nəticələrə etiraz etmiş, tərəfdarları “yaşıl zona” qarşısında nümayişlər keçirmişdi. Nəticədə, Sədr hərəkatının geri çəkilməsindən sonra hökumət formalaşdı. Bu da göstərdi ki, xalqın səsləri siyasi balansı dəyişə bilmir.”
Mumtaz hesab edir ki, bu dəfə də “geniş xalq iştirakı” olmayacaq, çünki “ənənəvi qüvvələr insanların ümidsizliyini aradan qaldıra bilməyib. Siyasi aktorların çoxu hələ də öz tarixi elektoratına arxalanır və seçki dövründə mezhebi parçalanmanı qızışdırmaqla səslərini təmin etməyə çalışır.”
Sədr hərəkatının yoxluğu
O, qeyd edir ki, Sədr hərəkatının seçkilərdə iştirak etməməsi “bu seçkilərin əsas fərqi olacaq”. Onun fikrincə, bu, səslərin müəyyən qədər digər partiyalar arasında bölünməsinə səbəb olsa da, “ümumi siyasi balans dəyişməyəcək - xalqın əhvalını ifadə edən yeni güc yaranmadığı təqdirdə.”
Mosul seçicilərinin əhval-ruhiyyəsindən danışan Mumtaz bildirir ki, “şəhərdə seçkiyə maraq nisbətən sakitdir. İnsanlar daha çox pragmatik səbəblərlə, yəni yerli xidmətlərin yaxşılaşdırılması ümidi ilə səs verirlər, siyasi islahata inandıqları üçün yox.”
İctimai etimadsızlıq
Süleymaniyədə yaşayan kürd jurnalist Bəzurk Məhəmməd deyir ki, “inkişaf etmiş ölkələrdə seçkilər siyasi və ictimai yetkinliyin göstəricisidir, lakin İraqda son 20 ildə keçirilən seçkilər xalqın gözləntilərini doğrultmayıb.”
Onun fikrincə, indi cəmiyyətdə “dərin şübhə və inamsızlıq” hökm sürür, çünki “əksər vətəndaşlar anlayır ki, seçkilər sadəcə olaraq hakim partiyaların hakimiyyətini uzatmaq vasitəsidir. Artıq seçki qutularının cəmiyyətin problemlərini həll edəcəyinə inam qalmayıb.”
Məhəmməd əlavə edir ki, “partiyalar seçici fəallığının azalmasından qorxduqları üçün indi dini və milli hisslərə toxunan emosional çıxışlarla seçiciləri hərəkətə gətirməyə çalışırlar.”
Nəsiriyyədən olan müəllimə Mina Kazim isə belə deyir: “Haradan başlamağı bilmirəm, amma kim düşünürsə ki, bu seçkilər ölkəni daha yaxşı vəziyyətə gətirəcək, o yanılır.”
Onun sözlərinə görə, “əsas problem - dəyişiklik üçün alternativ sistemin olmamasıdır. Mövcud seçki qanunu elə qurulub ki, nəticədə yenə də nüfuzlu bloklar və partiyalar qalib gələcək, çünki onlar öz maraqlarını ölkənin maraqlarından üstün tutur.”
İraq bu dəfəki seçkilərə aşağı gözləntilər, ictimai etimadsızlıq və siyasi yorğunluq şəraitində gedir. Çoxları bu prosesi dəyişiklik imkanı kimi deyil, sadəcə “köhnə oyunun yeni epizodu” kimi görür. Hakimiyyət və təsir yenə də eyni mərkəzlərdə — pulun, silahın və medianın nəzarətində qalır.