BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, 10 mart tarixli razılaşma çərçivəsində SDQ-nin (Suriya Demokratik Qüvvələri) qısa müddətdə Suriyanın yeni idarəetmə sisteminə inteqrasiya olunması vacibdir.
AzerVoice xəbər veirr ki, TBMM sədri bu fikirləri 10 Yanvar – Jurnalistlər Günü münasibətilə TBMM-nin mətbuat dəhlizində parlament müxbirləri və Parlament Müxbirləri Dərnəyinin nümayəndələri ilə görüş zamanı səsləndirib.
Jurnalistləri peşə bayramı münasibətilə təbrik edən Kurtulmuş, parlament müxbirlərinin cəmiyyət üçün mühüm vəzifə yerinə yetirdiyini vurğulayıb.
Suriyadakı proseslərlə bağlı sualları cavablandıran TBMM sədri bildirib ki, Türkiyə Suriyada baş verən hadisələri diqqətlə izləyir və Suriyanın ərazi bütövlüyü ölkənin və regionun gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.
Numan Kurtulmuş Suriyada formalaşacaq yeni idarəetmə modelinin bütün ictimai təbəqələrin təmsil olunduğu, əhatəli bir sistem olmasının Türkiyə üçün əsas prioritetlərdən biri olduğunu qeyd edib.
O, bəzi dövlətlərin regionla bağlı siyasətinin Yaxın Şərqi daha da parçalamağa yönəldiyini bildirərək, Suriyada yaşayan bütün etnik və dini qrupların birlik və qarşılıqlı anlaşma əsasında hərəkət etməsinin vacibliyini vurğulayıb.
TBMM sədri xüsusilə qeyd edib ki, 10 mart tarixli razılaşmaya uyğun olaraq SDG-nin Suriyanın yeni hakimiyyət strukturlarına inteqrasiyası Suriyanın bütün xalqlarının gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Kurtulmuş əlavə edib ki, Türkiyənin əsas mövqeyi PKK-nın bütün qolları ilə silahlı fəaliyyətdən tam şəkildə imtina etməsi və silahı yerə qoymasıdır, bu prosesin isə sürətlə başa çatdırılması vacibdir.