BAKI,AzerVoice, Fərid Mikayılov
İsrail qüvvələri Suriyanın cənubunda hərbi əməliyyatlarını davam etdirərək ölkənin Quneytra əyalətinə növbəti dəfə daxil olub.
AzerVoice xəbər verir ki, İsrail ordusuna məxsus 12 zirehli texnikadan ibarət hərbi karvan bazar ertəsi Quneytranın cənubunda yerləşən Səida əl-Hənut kəndinə daxil olaraq reyd həyata keçirib.
Məlumata görə, İsrail hərbçiləri kənddə bir sıra yaşayış evlərini yoxlayıb, yerli əhaliyə ərzaq paylamağa cəhd göstərsələr də, sakinlər bu təklifi qəbul etməyiblər.
Bundan əvvəl SANA agentliyi yerli mənbələrə istinadən xəbər vermişdi ki, İsrail qüvvələri Quneytranın cənub kəndlərində yerləşən Ər-Rafid qəsəbəsinin qərbində kənd təsərrüfatı sahələrinə birbaşa atəş açıb.
Son aylarda İsrail ordusu Suriyanın cənub bölgələrində, xüsusilə Quneytrada demək olar ki, gündəlik reydlər həyata keçirir. Bu əməliyyatlar çərçivəsində saxlanmalar aparılır, müvəqqəti nəzarət-buraxılış məntəqələri qurulur və torpaq sahələri buldozerlərlə dağıdılır. Sözügedən addımlar bölgədə ictimai narazılığın artmasına və ölkədə sabitliyin bərpası prosesinə ciddi maneələr yaratmasına səbəb olur.
Suriya rəsmiləri dəfələrlə işğalçı qüvvələrin ölkə ərazisindən çıxarılmasını tələb edərək beynəlxalq ictimaiyyəti məsuliyyətini yerinə yetirməyə çağırıblar. Dəməşq həmçinin İsrailin, Bəşşar Əsəd hökumətinin devrilməsindən sonra faktiki olaraq kənara qoyduğu 1974-cü il Ayrılma Razılaşmasına qayıtmasını tələb edir.
