BAKI,AzerVoice, Nailə Babazadə
ABŞ-ın Ankaradakı səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barrak İsrail və Suriya rəsmiləri arasında Fransanın paytaxtı Parisdə keçirilən görüşün nəticələrini “tarixi” adlandırıb.
AzerVoice xəbər verir ki, Barrak Jerusalem Post qəzetinə verdiyi müsahibədə bildirib ki, görüş hər iki ölkənin əməkdaşlığa və ortaq rifaha doğru irəliləmək istədiyini göstərir. Onun sözlərinə görə, Suriya və İsrail yeni, şəffaf və tərəfdaşlığa əsaslanan münasibət qurmağa hazırdır və bu, Tel-Əvivlə Dəməşq arasında əməkdaşlığı artıracaq.
Barrak İsrail və Suriya arasında “ortaq kommunikasiya mexanizmi” qurulmasına dair qərarı şərh edib.
“Yeni Suriya hökuməti İsrailə qarşı heç bir düşmən niyyət daşımadığını, bunun əvəzinə hörmət və birgə yaşayışa əsaslanan münasibət axtardığını açıq şəkildə göstərdi. İsrail isə uzun müddətdir qonşusu olan bu ölkə ilə əlaqə qurmağa hazırdır və keçmiş düşmənçi rejimin yerini əməkdaşlıq və yeni bir yanaşma üzərində qurulan rejimin almasından məmnundur.” - deyə Barrak qeyd edib.
Paris görüşündə İsrail tərəfi nümayəndə heyətində dəyişiklik edib. Tel-Əvivi İsrailin Vaşinqton səfiri Yexiel Layter, Baş nazir Benyamin Netanyahunun hərbi müşaviri və növbəti Mossad direktoru Roman Qofman, həmçinin Milli Təhlükəsizlik Şurasının sədr müavini Gil Reyç təmsil edirdi.
Suriya tərəfini isə Xarici İşlər Naziri Əsəd Həsən Şeybani və Baş Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn əs-Səlame təmsil edirdi. ABŞ-dan görüşlərə Tom Barak, ABŞ Prezidenti Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner qatılmışdı.
Vaşinqtondan verilən yazılı açıqlamada bildirilib ki, ABŞ nəzarətində İsrail və Suriya arasında gərginliyi azaltmaq və münasibətləri stabilləşdirmək məqsədilə “ortaq kommunikasiya mexanizmi” yaradılıb.
