BAKI, AzerVoice
Türkiyənin Bursa şəhərində fişəng səbəb olduğu yanğın böyük təşvişə səbəb olub.
AzerVoice xəbər verir ki, hadisə Osmangazi rayonunun Tophane yamaclarında, 29 iyul 2025-ci il gecəsi saat 23:00 radələrində baş verib.
Muradiyə Dövlət Xəstəxanasının qarşısında yerləşən ərazidə atılan fişəng qurumuş otlar və ağacların alışmasına səbəb olub. Yanğın, Bursa Böyükşəhər Bələdiyyəsinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları və sakinlərin müdaxiləsi ilə qısa müddətdə nəzarət altına alınıb.
Bursa Baş Prokurorluğunun təlimatı ilə hadisə ilə bağlı dərhal istintaq başlanıb. Yanğına səbəb olmaqda şübhəli bilinən S.D., A.K., M.B. və M.A. adlı dörd nəfər saxlanılıb.
Hazırda polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Qeyd edək ki, İstanbul şəhər rəhbərliyindən verilən yazılı açıqlamaya əsasən, İstanbulda havai fişəng, işarə fişeği, məşəl və digər partlayıcı–yanıcı maddələrin satışı və istifadəsi 29 iyul – 28 oktyabr 2025-ci il tarixləri arasında qadağan edilib.
Rəhbərliyin yaydığı açıqlamada bildirilir ki, "Yay fəslinin təsiri ilə ölkəmizin müxtəlif bölgələrində meşə yanğınlarında artım müşahidə olunmaqdadır. İstanbul Şəhər Rəhbərliyi olaraq bu təhlükənin qarşısını almaq üçün meşəlik ərazilərə girişləri 23 iyun – 15 oktyabr tarixləri arasında qadağan etmişdik. Bu tədbirə əlavə olaraq, İstanbul ərazisində havai fişəng, məşəl, işarə fişeği və bu kimi yanıcı–partlayıcı maddələrin satışı və istifadəsi 29 iyul – 28 oktyabr tarixləri arasında qadağan olunmuşdur."
Açıqlamada həmçinin bildirilib ki, bu qadağanın icrası üçün polis, jandarma və digər hüquq-mühafizə orqanları nəzarətləri gücləndirəcək. Qanunu pozan şəxslər və müəssisələr barəsində hüquqi tədbirlər görüləcək.