Əsas səhifə » Türkiyənin Bursa vilayətindəki yanğında bir nəfər ölüb

Türkiyənin Bursa vilayətindəki yanğında bir nəfər ölüb

BAKI, AzerVoice

Türkiyənin Bursa vilayətinin Gürsu və Kestel rayonları arasında baş verən meşə yanğınlarına müdaxilə edən su tankeri sürücünün idarəetməni itirməsi nəticəsində yamaçdan aşıb.

AzerVoice xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Qeyd edək ki, dünən axşam saatlarında başlayan və Gürsu rayonunun İpekyolu məhəlləsi ilə Kestel rayonunun Ağlaşan məhəlləsi arasında yerləşən meşəlik ərazidə yayılan yanğına gecə boyu fasiləsiz müdaxilə edilib. 1 777 nəfərlik şəxsi heyət və 688 texnika ilə aparılan işlərə səhər saatlarından etibarən havadan da dəstək verilib.

Yanğın, küləyin təsiri ilə bəzi bölgələrdə yenidən alovlanıb. Xüsusilə Ağlaşan məhəlləsinə doğru irəliləyən alovlar səbəbilə havadan müdaxilə gücləndirilib.

Yanğının nəzarət altına alınması üçün həm havadan, həm də qurudan müdaxilə edilir.

Bundan əvvəl, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirmişdi ki, Bursanın Orhaneli vilayətində baş verən yanğına müdaxilə edən işçilərdən biri ürək tutması nəticəsində həlak olub. O həmçinin qeyd etmişdi ki, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizə aparılıb və 4 şəhərdə 5 yanğın nəzarət altına alınıb. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib.

Digər Kateqoriyalar

2025 © Azervoice