Əsas səhifə » Dünyada son iki ildə 78 milyon hektardan çox meşə yanıb

Dünyada son iki ildə 78 milyon hektardan çox meşə yanıb

BAKI, AzerVoice

Qlobal bir araşdırmaya görə, dünya üzrə meşələr hər dəqiqə 18 futbol meydançası böyüklüyündə ərazidə yoxa çıxır. Bu itkilərin təxminən yarısı meşə yanğınlarından qaynaqlanır. Dünyada meşə yanğınları artmaqda davam edərkən, yeni araşdırmalar göstərir ki, bu artımın əsas səbəbi iqlim dəyişikliyinin yaratdığı ekstremal yanğın hava şəraitidir.

2023 və 2024-cü illər, qlobal miqyasda yanğınlarla mübarizə tarixində ən isti illər kimi qeydə alınıb. Məlumatlar göstərir ki, keçən il baş verən yanğınlar nəticəsində rekord miqdarda meşə sahəsi məhv olub.

Merilend Universiteti və Dünya Resursları İnstitutunun tədqiqatçıları bildiriblər ki, dünya meşələrinin vəziyyəti ilə bağlı illik yeniləmədə yalnız toxunulmamış yağış meşələrinin itkisi 2024-cü ildə 6,7 milyon hektara çatıb ki, bu da 2023-cü illə müqayisədə demək olar ki, iki dəfə çoxdur.

2023 və 2024-cü illərdə dünya üzrə 78 milyon akrdan (təxminən 31,5 milyon hektar) çox meşə sahəsi yanıb. Bu yanğınlar atmosferə milyardlarla ton karbon qazı buraxaraq milyonlarla insanın pis hava keyfiyyətinə məruz qalmasına səbəb olub.

Kaliforniya Universitetinin Merced kampusundan iqlim alimı Con Abatzoglou bildirib: “İqlim dəyişikliyi, əvvəllər gördüyümüzdən daha ekstremal yanğın mövsümlərinin qarşısını açır. Bu cür daha çox yanğın görəcəyik.” - deyə qeyd edib.

Son 20 ilə nisbətən iki dəfə çox meşə itkisi

Proceedings of the National Academy of Sciences jurnalında yayımlanan yeni araşdırmaya əsasən, 2023–2024-cü illər ərzində yanğınlar səbəbilə itirilən meşə sahəsi əvvəlki iyirmi illə müqayisədə azı iki dəfə artıb. Alimlər 2002–2024-cü illər arasında peyk görüntülərindən istifadə edərək ağac örtüyündəki dəyişiklikləri və bu itkilərin hansı hissəsinin yanğınlara aid olduğunu təhlil ediblər.

İqlimdəki xroniki dəyişikliklər meşələri yanğına daha həssas edir

Son illərdə dünya üzrə ümumi yanmış torpaq sahəsi azalmış olsa da, bunun səbəbi bozkır və otlaq sahələrinin insanlar tərəfindən daha az yanıcı hala gətirilməsidir. Ancaq meşəlik ərazilərdə yanan sahələr əhəmiyyətli dərəcədə artıb.

Boreal meşələrində 2023–2024-cü illərdə 2002–2022-ci dövrlə müqayisədə iki dəfədən çox ağac örtüyü itkisi müşahidə olunub. Tropik meşələr isə üç qat daha çox itki yaşayıb.

Xüsusilə Kanadadakı yanğınlar səbəbilə Şimali Amerika meşələrindəki itkilər dörd qat artıb.

Ən diqqətçəkən məqam isə bu yanğınların çoxunun insan fəaliyyətindən uzaq, ucqar meşəlik ərazilərdə baş verməsidir.

Tasmaniya Universitetindən yanğın coğrafiyaçısı Kalum Kaninqhem qeyd edir ki, bu vəziyyət iqlim dəyişikliyinin artan yanğınların əsas səbəbi olduğunu göstərir:
"İqlimdəki xroniki dəyişikliklər bu meşələri yanmağa daha əlverişli hala gətirir".

Ekstremal yanğın hava şəraitinin sayı iki qat artıb

"Yanğın hava şəraiti" dedikdə, yanğının başlaması üçün zəruri olan bütün amillər – uzunmüddətli isti və quraq hava, yüksək buxarlanma dərəcələri və dəyişkən küləklər nəzərdə tutulur. Nature Communications jurnalında dərc olunan digər bir araşdırma göstərir ki, iqlim dəyişikliyi dünya üzrə ekstremal yanğın hava şəraitini daha geniş yayılmış hala gətirib. Bu isə meşə yanğınlarının daha ağır nəticələr doğurması ehtimalını artırır.

Tədqiqatçılar müəyyən ediblər ki, bu günkü iqlim şəraitində ekstremal yanğın hava şəraiti sənaye öncəsi dövrə nisbətən təxminən iki dəfə daha çox baş verir. Belə illərdə daha çox meşə yanğını və daha çox karbon emissiyası qeydə alınır.

Təhlükəli bir "geri qayıdan dövr" formalaşır

Hər iki araşdırmanın nəticələri göstərir ki, iqlim dəyişikliyi daha tez-tez və daha dağıdıcı meşə yanğınlarının əsas səbəblərindən biridir. Dr. Kaninqhem deyib:

"Bu nəticələr iqlim dəyişikliyinin bu ekstremal yanğınları təşviq etməsi ilə bağlı bütün mübahisələrə son qoyur."

Eyni vaxtda bir neçə bölgədə ekstremal yanğın hava şəraitinin yaşanması ölkələrin yanğınsöndürmə resurslarını paylaşmaq imkanlarını zəiflədir. Mütəxəssislər xəbərdarlıq edir:

“Yanğınsöndürmə gücü yetərsiz qaldıqda təhlükəli bir ‘geri qayıdan dövr’ yaranır – daha böyük yanğınlar daha çox emissiyaya, bu isə daha çox yanğın şəraitinə və gələcəkdə daha çox yanğın ehtimalına gətirib çıxarır.”

Digər Kateqoriyalar

2025 © Azervoice