Əsas səhifə » Bursadakı yanğınla bağlı bir nəfər barədə həbs qətimkan tədbiri seçilib

Bursadakı yanğınla bağlı bir nəfər barədə həbs qətimkan tədbiri seçilib

BAKI, AzerVoice

Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

AzerVoice xəbər verir ki, yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.

Kamera görüntülərinə əsasən, Ufuk Aytekinin Harmancık bölgəsindəki bir yanacaqdoldurma məntəqəsinə ağ rəngli pikap avtomobili ilə gəldiyi, əlindəki suyu saxsılara tökdükdən sonra benzin bölməsinə yaxınlaşdığı və oradan uzaqlaşdığı əks olunub.

Saxlanılan şəxs dindirildikdən sonra məhkəməyə çıxarılıb və hakimin qərarı ilə həbs olunub.

Həmçinin məlum olub ki, Ufuk Aytekin 2021-ci ildə hərbi xidmətdən uzaqlaşdırılıb və bir müddət yanacaqdoldurma məntəqəsində çalışıb.

Qeyd edək ki, 2025-ci ilin iyun və iyul aylarında Türkiyədə baş verən meşə yanğınları ölkənin müxtəlif bölgələrində ciddi fəsadlara yol açmışdır. Bu yanğınlar, xüsusilə İzmir, Eskişehir, Sakarya, Bilecik, Manisa və Hatay vilayətlərində geniş əraziləri əhatə etmişdir.

İzmir vilayətində baş verən yanğınlar nəticəsində 50 mindən çox insan evakuasiya edilmiş, 200-dən çox ev və bir neçə iş yeri zərər görmüşdür. Yanğınların səbəbləri arasında yüksək temperatur, güclü külək və elektrik xətləri ilə bağlı nasazlıqlar göstərilir. Yanğınların söndürülməsi üçün mindən çox yanğınsöndürən, 100-dən çox yanğın maşını, 14 helikopter və 4 su tökən təyyarə istifadə edilmişdir.

Eskişehir vilayətində baş verən yanğın zamanı 10 nəfər həyatını itirmiş, 14 nəfər isə yaralanmışdır. Yanğınların güclü küləklə sürətlə yayılması nəticəsində bu faciə baş vermişdir. Həyatını itirənlər arasında 28 yaşlı bir meşə işçisi və 2023-cü ildə zəlzələ xilasetmə əməliyyatlarında iştirak etmiş bir AKUT könüllüsü də vardır.

Elm adamları qeyd edirlər ki, son illərdə iqlim dəyişikliyi nəticəsində Türkiyədə yanğın riski daşıyan günlərin sayı əhəmiyyətli dərəcədə artıb. 2025-ci ildə bir çox bölgədə eyni anda bir neçə yanğın baş verir ki, bu da yanğınsöndürmə qüvvələrinin yükünü ağırlaşdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice