BAKI, AzerVoice
Türkiyənin Bursa vilayətinin Gürsu ilə Kestel rayonları arasındakı meşəlik ərazidə baş verən yanğına həm havadan, həm də qurudan müdaxilə olunur. Təxliyə edilən 1 765 nəfər evlərinə geri qayıdır.
AzerVoice xəbər verir ki, bu barədə Bursa Valiliyindən verilən açıqlamada deyilir.
Bildirilib ki, meşə yanğınlarına qarşı mübarizə işləri Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) koordinasiyası və əlaqəli qurumların əməkdaşlığı ilə aparılır. Açıqlamada, yanğının yayılma sürətinin və enerjisinin mühüm ölçüdə nəzarət altına alındığı vurğulanıb.
Yanğınsöndürmə işləri dövlət qurumları, yerli idarələr və vətəndaşların dəstəyi ilə fasiləsiz şəkildə davam etdirilir.
Qeyd edək ki, küləyin təsiri ilə sürətlə yayılan yanğın səbəbilə Bursanın Gürsu və Kestel rayonları arasındakı üç məhəllə boşaldılıb. Hadisə yerinə meşə İdarəsinin inventarında olan üç helikopter və üç yanğınsöndürmə təyyarəsi cəlb olunub.
Bundan əlavə, dünən gecə yerli vaxtla saat 23:00 radələrində (Bakı vaxtı ilə saat 00:00) təhlükəsizlik məqsədilə bağlanan Bursa avtomobil yolunun bəzi hissələri bu gün yenidən nəqliyyata açılıb.