BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib.
AzerVoice xəbər verir ki, Tramp Kolumbiyanı “xəstə ölkə” adlandırıb, Meksikada isə narkotik kartellərinin son dərəcə güclü olduğunu bildirib.
Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.
Tramp Venesueladakı mövcud vəziyyətlə bağlı hələ görüləsi çox iş olduğunu deyərək, böyük Amerika neft şirkətlərinin bu ölkəyə daxil olaraq milyardlarla dollarlıq investisiyalar yatıracağını bildirib. ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Venesuela rəhbərliyindəki vitse-prezident Delsi Rodriqez ilə təmasdadır.
“Venesuelada nəzarət bizdədir,” – deyə Tramp vurğulayıb. O, hələ Rodriqezlə şəxsən görüşmədiyini, lakin administrasiya üzvlərinin danışıqlar apardığını bildirib və Rodriqezin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib.
Tramp, Rodriqezin ABŞ maraqlarına zidd addımlar atacağı təqdirdə, taleyinin Madurodan da ağır ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, hazırkı Venesuela hakimiyyətindən “düzgün qərarlar” gözlənilir.
ABŞ prezidenti Venesuelanı “ölü ölkə” adlandıraraq, onun yenidən dirçəldilməsinin vacibliyini vurğulayıb. Tramp infrastrukturun bərpası üçün neft şirkətlərinin iri sərmayələr yatırmalı olduğunu və bu prosesə hazır olduqlarını deyib. O, həmçinin Venesuela neftindən ABŞ-ın istədiyi şəkildə istifadə etmək hüququna malik olduqlarını iddia edib.
Venesuelada mümkün seçkilərlə bağlı suala cavab verən Tramp bildirib ki, hazırda ölkədə vəziyyəti sabitləşdirmək əsas prioritetdir.
Tramp, Maduronun ələ keçirilməsi ilə bağlı əvvəlki hücum planında zərurət yaranacağı halda ikinci zərbənin də nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, ilk əməliyyat məqsədə çatdığı üçün buna ehtiyac qalmayıb.
İranla bağlı suala cavab verən Tramp, bu ölkədə etirazlar zamanı zorakılıq davam edərsə, ABŞ-ın “çox sərt cavab” verəcəyini bildirib.
Meksika ilə bağlı danışan Tramp, ölkənin narkotik kartelləri tərəfindən idarə olunduğunu iddia edib. O, Meksika Prezidenti Klaudia Şeinbaum ilə görüşlərində təhlükəsizliyi təmin etmək üçün hətta Amerika əsgərlərinin göndərilməsini təklif etdiyini deyib.
Kolumbiya üçün isə Tramp “xəstə ölkə” ifadəsini işlədib və mümkün hərbi ssenari ilə bağlı “Kolumbiya əməliyyatı pis səslənmir” deyə bildirib.
Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına Ukrayna tərəfindən hücum edilməsi iddiasına münasibət bildirən Tramp, bu məlumatlara şübhə ilə yanaşdığını deyib: “Bu hücumun baş verdiyinə inanmıram.”
Tramp, eyni zamanda, Çin Prezidenti Si Cinpin ilə yaxşı münasibətlərə malik olduğunu və aprel ayında Çinə səfər edəcəyini açıqlayıb.
