BAKI, AzerVoice
1858-ci il oktyabrın 27-də ABŞ-ın gələcək prezidenti Teodor Ruzvelt Nyu-York şəhərində varlı bir ailədə anadan olub. Evdə təhsil alan Ruzvelt sonradan Harvard Universitetini bitirib (1880) və elə həmin il Nyu-York ştatı qanunverici məclisinə seçilərək siyasi fəaliyyətə başlayıb.
Ailə faciəsi və Dakotaya çəkilməsi
1880-ci ildə Alis Hetevey Li ilə ailə quran Ruzvelt 1884-cü ildə qızlarının doğumundan iki gün sonra həm həyat yoldaşını, həm də anasını eyni gündə itirib. Bu faciə onu dərin sarsıntıya salıb və o, siyasəti tərk edərək Dakota bölgəsinə köçüb.
Orada maldarlıqla və yerli hüquq-mühafizə fəaliyyəti ilə məşğul olub, eyni zamanda tarix kitabları yazıb. 1885-ci ildə qış tufanı onun bütün mal-qarasını məhv etdikdən sonra yenidən siyasətə qayıdıb və 1886-cı ildə Edit Karou ilə evlənib.
Ruzvelt 1885–1889-cu illərdə ABŞ Dövlət Xidməti Komissarı, 1895–1897-ci illərdə isə Nyu-York polis komissarı olub. Daha sonra Prezident Uilyam MakKinli tərəfindən Dəniz Donanması Katibliyinə köməkçi təyin edilib.
1898-ci ildə İspaniya–Amerika müharibəsi başlayanda könüllü olaraq orduya yazılıb və Kubadakı San-Xuan təpələri döyüşündə qəhrəmanlığı ilə fərqlənib. Bu uğur ona Nyu-York qubernatoru postunu qazandırıb (1898).
1900-cü ildə Respublikaçılar Partiyası onu MakKinlinin vitse-prezidenti kimi namizəd irəli sürdü. MakKinli 1901-ci ildə sui-qəsd nəticəsində öldürüləndə, Ruzvelt prezident oldu - və ABŞ-ın XX əsrdəki ilk prezidenti kimi tarixə düşdü.
Ruzvelt tezliklə ölkənin “müasir prezidenti” sayılmağa başladı. O, kinonun ictimai təsir gücünü anlayaraq fəaliyyətini lentə aldırır, çıxışlarını və səfərlərini çəkdirirdi.
Daxildə o, monopoliya əleyhinə Sherman Aktını sərt şəkildə tətbiq etdi, böyük dəmir yolu şirkətlərini məhv edərək “trust-buster” (inhisar qıran) kimi tanındı.
Xarici siyasətdə isə Latın Amerikasında ABŞ nüfuzunu artırmaq, Panama kanalını inşa etdirmək və “yumşaq danış, amma böyük çubuq tut” prinsipi ilə hərəkət etmək siyasətini yürüdürdü.
1906-cı ildə Ruzvelt Rusiya və Yaponiyanı barışdırdığı üçün Nobel Sülh Mükafatına layiq görüldü – bu mükafatı alan ilk amerikalı oldu.
Ruzvelt, ABŞ tarixində ətraf mühitin qorunmasına diqqət yetirən ilk prezident idi. 1902-ci ildə Newlands Aktını, 1906-cı ildə isə Amerika Antik Əsərlərinin Qorunması Aktını imzalayaraq, təbiət və tarixi abidələrin milli qoruq elan edilməsini mümkün etdi.
Prezidentliyi dövründə 18 təbii əraziyə milli abidə statusu verdi. Onun 1903-cü ildə Böyük Kanyon səfəri zamanı dediyi sözlər bu gün də xatırlanır:“Təbii sərvətlərimizin qorunması və düzgün istifadəsi - milli həyatımızdakı bütün problemlərin əsasını təşkil edən məsələdir.”
1909-cu ildə iki müddətdən sonra vəzifəsini tərk edən Ruzvelt 1910-cu ildə təyyarəyə minən ilk ABŞ prezidenti oldu. 1912-ci ildə üçüncü dəfə prezidentliyə namizədliyini versə də, Woodrow Wilsona uduzdu.
1919-cu il yanvarın 6-da, 60 yaşında, yuxuda ürək tutmasından vəfat etdi. Ruzvelt sonradan Vaşinqton, Cefferson və Linkolnla birlikdə Rüşmor dağına həkk edilən dörd prezidentdən biri oldu. Onun portreti 1939-cu ildə tamamlanıb.