BAKI, AzerVoice, Fərid Mikayılov
İranın paytaxtı Tehranda İsraillə əlaqəli olduğu iddia edilən bir şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
AzerVoice xəbər verir ki, İran polisi həmin şəxsin MOSSAD ilə əlaqədə olduğunu və ölkə üzrə davam edən etiraz aksiyalarını qızışdırmaqda iştirak etdiyini bildirir.
Tehran polisi saxlanılan şəxslə bağlı görüntülər yayıb. Adı açıqlanmayan şəxsin maddi qarşılıq müqabilində MOSSAD üçün fəaliyyət göstərdiyi və müxtəlif şəhərlərdə keçirilən aksiyalarda təxribatçı rol oynadığı iddia olunur.
Rəsmi məlumatlara görə, ötən ilin iyun ayında İsrailin hücumları ilə başlayan və 12 gün davam edən gərginlik fonunda İranda 21 mindən çox şübhəli şəxs saxlanılıb. Onlardan 261 nəfər casusluq, 172 nəfər isə icazəsiz çəkiliş aparmaq ittihamı ilə həbs edilib.
Qeyd edək ki, 28 dekabr 2025-ci il tarixində İranın milli valyutası riyalın xarici valyutalara nisbətən kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən Tehranda başlayan etiraz aksiyaları qısa müddətdə ölkənin bir çox şəhərlərinə yayılıb.
Etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi qurumlar açıqlama verməsə də, İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) 4 yanvar tarixli hesabatında bir polis əməkdaşı da daxil olmaqla 20 nəfərin həlak olduğunu, 51 nəfərin yaralandığını və 990 nəfərin saxlanıldığını bildirib. Fars Xəbər Agentliyi isə aksiyalar zamanı 250 polis və 45 “Bəsic” üzvünün xəsarət aldığını açıqlayıb.
