BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ-ın vitse-prezidenti Vensin Ohayo ştatındakı iqamətgahı ilə bağlı insidentdən sonra bir nəfər saxlanılıb, araşdırma aparılır.
AzerVoice xəbər verir ki, ABŞ Məxfi Xidməti (Secret Service) insident zamanı Vens ailəsinin Ohayoda olmadığını açıqlayıb.
Hadisə gecəyarısından az sonra baş verib və yaşayış evinin əmlakına ziyan dəyib.
Media tərəfindən yayımlanan fotolarda iqamətgahın pəncərələrinin sındığı görünür. Məxfi Xidmətin sözçüsü Entoni Qulyelmi bildirib ki, şəxsiyyəti açıqlanmayan yetkin yaşlı kişi vitse-prezidentlə əlaqəli şəxsi yaşayış evinin xarici hissəsində pəncərələri sındırmaqla əmlaka ziyan vurduğu üçün saxlanılıb.
Federal hüquq-mühafizə orqanlarındakı mənbə CNN-ə bildirib ki, araşdırma çərçivəsində saxlanılan şəxsin konkret olaraq Vensi və ya onun ailə üzvlərini hədəf alıb-almadığı yoxlanılır. İlkin məlumata əsasən, həmin şəxsin vitse-prezidentin evinə daxil olmadığı ehtimal edilir.
