BAKI, AzerVoice, Səməd Əyyubov – Ukrayna Rusiya ilə 1 200 hərbi əsirin dəyişdirilməsi barədə razılığa gəlib.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Prezident Aparatının rəhbəri Andrey Yermakla Rusiya ilə aparılan danışıqların, o cümlədən İstanbulda Rusiya nümayəndə heyəti ilə keçirilmiş görüşlərin nəticələrinin icrası və yeni görüşə hazırlıq məsələlərini müzakirə edib.
O, əsas məsələlər arasında hərbi əsirlərin dəyişdirilməsini önə çəkib.
“1 200 nəfərin dəyişdirilməsi barədə razılıq var, siyahılar üzərində iş aparılır” – deyə, Zelenski qeyd edib.
Bundan əlavə, Ukrayna Prezidenti enerji sektoru və ölkənin bütün infrastrukturunun qış mövsümünə hazırlanması məsələlərinin, eləcə də Ukraynanın hava hücumundan müdafiə sisteminin inkişafı və Rusiyanın logistikasına uzaqmənzilli zərbələr mövzusunun da gündəmdə olduğunu bildirib.
Qeyd edək ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların 2-ci turu iyunun 2-də İstanbulda baş tutub. Danışıqlar nəticəsində tərəflər hər tərəfdən 6 min hərbçinin meyitinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı razılığa gəlmişdi.
İyulun 23-də isə, danışıqların üçüncü raundunda heyətlər arasında danışıqlar təxminən 40 dəqiqə davam edib. Bu müddətdə hər iki tərəf təqdim olunan memorandum layihələrindəki mövqeləri müzakirə edib.
Görüş nəticəsində yalnız hərbi əsirlərin deyil, mülki şəxslərin də dəyişdirilməsi barədə razılıq əldə olunub. Həmçinin, Moskva Ukraynaya daha 3 000 ukraynalı hərbçinin cəsədini təhvil verməyə və cəbhə xəttində yaralı və həlak olanların toplanması üçün qısa müddətli humanitar fasilələrin bərpasına çağırıb.
Medinski bildirib ki, danışıqların dördüncü raunduna dair qərar, əldə olunmuş yeni razılaşmaların yerinə yetirilməsindən sonra veriləcək.