BAKI, AzerVoice, Zeynəb Raminqızı
Vladimir Putin Ukrayna ilə danışıqları dəstəklədiyini bildirib, lakin Moskvanın müharibədəki əsas hədəflərinin dəyişmədiyini və Rusiya ordusunun cəbhədə irəliləməyə davam etdiyini vurğulayıb.
AzerVoice xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə aparılan danışıqlar, cəbhə xəttindəki vəziyyət və Rusiyanın hərbi imkanları ilə bağlı mühüm açıqlamalar verib.
O, İstanbulda keçirilən danışıqlara ümumilikdə müsbət yanaşdığını bildirərək, hər iki tərəfin işçi qrupların yaradılması ideyasına isti münasibət göstərdiyini və danışıqların sakit şəraitdə davam etdirilməsi barədə razılığın əldə olunduğunu bildirib.
Putin qeyd edib ki, danışıqlardan məyus olanlar bu prosesdən həddindən artıq nəticə gözləyənlərdir və Moskva bu dialoqu davam etdirmək niyyətindədir. Lakin o, Rusiyanın danışıqlardakı mövqeyinin və məqsədlərinin dəyişmədiyini xüsusi vurğulayıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, Rusiya və Ukraynanın təhlükəsizliyi məsələlərinə ümumavropa təhlükəsizlik arxitekturası çərçivəsində baxılmalıdır. O, iki tərəfin mümkün güzəştlərin müzakirəsi üçün işçi qrupları yaradacağına ümid etdiyini bildirib.
Cəbhə xəttindəki son vəziyyətdən danışan Putin, Rusiya qüvvələrinin müxtəlif istiqamətlərdə irəliləyiş əldə etdiyini, xüsusilə Baxmutun qərbində yerləşən Çasiv Yar şəhərinin nəzarətə götürüldüyünü açıqlayıb. Eyni zamanda, Rusiya hərbi sənayesinin inkişafına toxunan prezident "Oreşnik" raket sisteminin artıq kütləvi istehsal mərhələsinə keçdiyini və ilk partiyanın silahlı qüvvələrə çatdırıldığını bildirib.
Putin çıxışını davamlı və sabit sülhün vacibliyini vurğulamaqla yekunlaşdırıb və yüzlərlə insanın artıq öz doğma torpaqlarına qayıtmağa başladığını diqqətə çatdırıb.