BAKI, AzerVoice, Nailə Babazadə
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrailin atəşkəsi yüzlərlə dəfə pozduğu Qəzza zolağında ilin əvvəlindən bu yana 37 fələstinli uşağın həyatını itirdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, UNICEF tərəfindən yayımlanan hesabatda Qəzzada qüvvədə olan atəşkəsin son dərəcə kövrək olduğu, İsrailin hücumları səbəbindən uşaqların həyatının hələ də ciddi təhlükə altında qaldığı vurğulanıb. Hesabatda ilin əvvəlindən bəri Qəzzada 37 uşağın həlak olduğu barədə məlumat yer alıb.
Sənəddə qeyd olunub ki, atəşkəsə baxmayaraq İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzzada uşaqlar hava zərbələri ilə üz-üzə qalır. Sağlamlıq, su və təhsil sistemlərinin çökməsi nəticəsində humanitar vəziyyətin ölümcül həddə çatdığı ifadə edilib.
Mövcud vəziyyətin Qəzzadakı uşaqlar üçün "son dərəcə kövrək və ölümcül" olaraq qaldığı bildirilən hesabatda işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də artan İsrail hücumlarının uşaqların təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyinə diqqət çəkilib. Məlumata görə, burada da yanvar ayında 2 uşaq həyatını itirib, 25 uşaq isə yaralanıb.
Qəzzada 10 oktyabrda qüvvədə olan atəşkəsə baxmayaraq, İsrailin razılaşmanı tez-tez pozması nəticəsində yüzlərlə fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.
İsrailin 2023-cü ilin oktyabrında başlatdığı və iki il davam edən hücumlar zamanı əksəriyyəti qadın və uşaqlardan ibarət olan on minlərlə fələstinli həyatını itirmişdi.