BAKI, AzerVoice, Nailə Babazadə
İsrailin məhdud keçid icazəsi verdiyi Rəfah sərhəd-keçid məntəqəsinin açılmasının dördüncü günündə cəmi 21 nəfər Qəzza zolağına daxil ola bilib.
AzerVoice xəbər verir ki, aylardır yaxınlarından ayrı düşən çox sayda fələstinli saatlar öncəsindən Xan Yunusdakı Nasır xəstəxanasının qarşısına toplaşaraq doğmalarının yolunu gözləyib.
Qəzzaya qayıdanları daşıyan avtobusun xəstəxanaya çatması ilə gözləyənlər böyük sevinc yaşayıblar. Doğmaları ilə qovuşan fələstinlilər bir-birinə sarılaraq göz yaşı töküblər. Xan Yunusdakı tibb mənbələrindən verilən məlumata görə, qayıdan 21 nəfər arasında qadınlar, uşaqlar və xaricdə müalicə alan xəstələr var.
Qəzzadakı Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, Rəfah keçid məntəqəsinin İsrailin ciddi nəzarəti altında açılmasının dördüncü günündə, Qəzza zolağından cəmi 7 xəstə və 14 müşayiətçinin Misirə təxliyəsinə icazə verilib.
Məlumata görə, 21 aylıq fasilədən sonra 2 fevral tarixində iki tərəfli və "məhdud" şəkildə açılan Rəfah keçid məntəqəsi vasitəsilə keçidlərin sayı gözləniləndən xeyli aşağıdır. İsrail mətbuatı gündəlik ən azı 50 nəfərin qayıdışına icazə veriləcəyini iddia etsə də, Misir mətbuatı İsrail ordusunun Qəzzaya daxil olmaq istəyənlərin bir hissəsini geri çevirdiyini və bölgəyə girişinə mane olduğunu paylaşıb.