BAKI, AzerVoice, Nailə Babazadə
ASELSAN 2026-cı ildə inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemi olan Çelik Kubbe sisteminin gücləndirilməsi və yayılması, yeni investisiyaların işə salınması və ixracın artırılması kimi prioritetlərlə yeni rekordlara hazırlaşır.
AzerVoice xəbər verir ki, ASELSAN-ın Baş direktoru Ahmet Akyol şirkətin 2025-ci ildəki fəaliyyəti və bu ilki hədəfləri barədə mühüm açıqlamalar verib. Şirkətin 2025-ci ildə 50 illiyini hər sahədə rekordlarla qeyd etdiyini bildirən Akyol bütün səylərinin millətin varlığı, rifahı, dövlətin və ordunun gücünə güc qatmaq üçün olduğunu vurğulayıb.
Keçən il ilk dəfə olaraq 2 milyar dollardan çox yeni ixrac müqaviləsi imzalayan ASELSAN tarixində mühüm bir eşiyi geridə qoyub. İxrac edilən və təhvil verilən məhsulların həcmi 1 milyar dollara yaxınlaşıb. Üç ölkəyə ilk dəfə ixracat reallaşdırılıb və bununla da ixrac edilən ölkələrin sayı 95-ə yüksəlib. Şirkət artıq 25 ölkədə aktiv nümayəndəliyə malikdir və 16 məhsul üçün ilk dəfə ixrac müqaviləsi imzalanıb.
Akyol bildirib ki, bir il ərzində 286 min ədəd məhsul istehsal edilərək son istifadəçilərə təhvil verilib. Avqust ayında gücü 40 faiz artıran yeni obyektlər istifadəyə verilib. Həmçinin Oğulbeydə 1,5 milyar dollar dəyərində Cümhuriyyət tarixinin ən böyük müdafiə sənayesi investisiyasının inşası sürətlə davam edir.
ASELSAN-ın texnologiyaları Türkiyənin qürur mənbəyi olan platformalara da güc verir. Dünyada bir ilk olan hava-hava atışını həyata keçirən KIZILELMA PUA-sında ASELSAN-ın radarları, tuşlayıcı başlıqları və dost-düşmən tanıma sistemləri uğurla istifadə edilib. ALTAY tankının tərkibində isə ASELSAN-ın 13 fərqli sistemi, o cümlədən dünyada cəmi 3 ölkənin istehsal edə bildiyi AKKOR Aktiv Mühafizə Sistemi yer alıb. Eyni zamanda milli imkanlarla inşa edilən gəmilər üçün radarlar, elektron müharibə və sualtı sistemlər təmin edilir.
Çelik Kubbe layihəsi çərçivəsində 2025-ci ildə 100-dən çox element təhvil verilib. Akyol vurğulayıb ki, artıq bu sistemin radarları və hava hücumundan müdafiə vasitələri ölkə boyu yayılır. Ordunun inventarına çox sayda HİSAR, KORKUT, SİPER, ALP və bənzəri sistemlər qazandırılıb.
Ahmet Akyol kadr potensialının gücləndiyini də xüsusi qeyd edib. Xaricdən qayıdan mütəxəssislərin sayında ilk dəfə müsbət rəqəmlərə ulaşıldığını bildirən Baş direktor geri dönənlərin sayının 2,5 dəfə artdığını deyib. Ümumilikdə 2 mindən çox ixtisaslı kadr üçün yeni iş yeri yaradılıb və bu proses iqtisadiyyata ciddi töhfə verməkdədir.