BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Hakimiyyətinin ilk altı ayı ərzində Suriya prezidenti Əhməd Əl-Şəraa beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağı və sərt iqtisadi sanksiyaları qaldırmağı bacarsa da, analitiklərin fikrincə, o, böyük çətinliklərlə qarşı-qarşıyadır. Bunların ən başlıcası təsirli idarəetməni qurmaq, iqtisadiyyatı dirçəltmək və ölkəni birliyə doğru aparmaqdır.
Bəs Əhməd Əl-Şəraa necə idarə edərək bu çətinlikləri aşa bilər?
Dövlətin qurulması
Əhməd Əl-Şəraa 8 dekabrda, prezident Bəşşar Əsədin devrilməsindən sonra Dəməşqə gələndə qarşısında dörd fərqli hakimiyyət strukturu gördü: Dəməşqdə mərkəzi hökumət, İdlibdə (şimal-qərb) fəaliyyət göstərən Qurtuluş Hökuməti, Ankaraya bağlı qrupların nəzarətində olan ərazilərdə başqa bir hökumət və kürd özünüidarəetməsi. Hər birinin öz iqtisadi, hərbi, məhkəmə və mülki institutları mövcuddur.
Vaşinqtondakı Suriya Siyasi və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Rıdvan Ziyadə bildirib ki, “Əl-Şəraa siyasi baxımdan kövrək vəziyyətdə olan ölkədə sabitliyi təmin edə bilirsə, bu, böyük uğurdur və ona müsbət xallar qazandırır”.
Onun sözlərinə görə, “beş il müddətinə müəyyən etdiyi keçid dövrünü uğurla başa çatdırmaq ən çətin vəzifədir”.
Son iki gün ərzində ələvilər və sünnilər arasında baş verən toqquşmalar nəticəsində 1700-dən çox insan həlak olub, daha sonra isə druz icması qiyam edib. Bu hadisələr hakimiyyətin sabitlik təmin etmə və narahat olan azlıqların hüquqlarını qoruma qabiliyyətinə inamı sarsıdıb.
Ziyadənin fikrincə, “azlıqlarla münasibət ən mühüm daxili çətinliklərdəndir və müxtəlif komponentlər arasında etimadı bərpa etmək üçün daha böyük siyasi səylər tələb olunur ki, birgəyaşayış və milli birlik əldə edilsin”.
Əl-Şəraa kürdlərin öz müəssisələrini qoruyub saxlamağa imkan verəcək qeyri-mərkəzləşdirilmiş idarəetmə tələbi ilə də üzləşir. Dəməşq isə buna qarşı çıxır.
Kürd liderlərindən Bədran Ciya Kord bildirib ki, “müvəqqəti hökumət münaqişələrin həllində hərbi üsullardan çəkinməli, Suriyanın müxtəlif komponentlərinə daha açıq yanaşmalı və onları siyasi prosesə cəlb etməlidir”.
Keçid dövründə yeni konstitusiyanın qəbulundan sonra seçkilərin keçirilməsi nəzərdə tutulur. Lakin hələlik mövcud elan edilən konstitusiya heç bir seçkini nəzərdə tutmur.
ABŞ-ın xarici işlər naziri Marko Rubio ötən ay xəbərdarlıq edərək bildirib ki, keçid hakimiyyəti mövcud problemlər fonunda “bir neçə həftə ərzində vətəndaş müharibəsinə” sürüklənə bilər və bu da “ölkənin faktiki olaraq parçalanmasına” səbəb ola bilər.
“Chatham House” tədqiqatçısı Neil Kilyam agentliyə deyib ki, Əl-Şəraa üçün ən böyük çətinlik “bütün suriyalıların iştirak edə biləcəyi və kifayət qədər sürətlə irəliləyəcək bir yol xəritəsi hazırlamaqdır”.
Təhlükəsizliyin təşkili
Hakimiyyət dəyişikliyinin sürətli baş verdiyi ölkələrlə müqayisədə Əl-Şəraa köhnə təhlükəsizlik və ordu qurumlarını buraxmasına baxmayaraq nisbətən sabitlik təmin edə bilib.
Xüsusilə ələvilərlə yaşanan toqquşmalarƏl-Şəraanın müxtəlif fraksiyalara, o cümlədən beynəlxalq ictimaiyyəti narahat edən radikal qruplara nəzarət edə bilib-bilməyəcəyinə dair suallar yaradıb. ABŞ hakimiyyəti ondan bu qrupları ölkədən çıxarmağı tələb edib.
Hakimiyyət son vaxtlar təhlükəsizlik və hərbi qurumları tənzimləmək üçün bir sıra addımlar atıb. Buraya fraksiya liderlərinin hərbi akademiyaya qəbul edilmədən əvvəl rütbə alması qaydası da daxildir.Suriya keçid hakimiyyəti ABŞ-a “xarici döyüşçülərin rütbələrinin dondurulacağı” barədə məktub göndərib.
Xarici döyüşçülər məsələsi Əl-Şəraa üçün həssas mövzudur. Çünki bir tərəfdən bu döyüşçülər illərlə onun tərəfində vuruşublar, digər tərəfdən isə onların ölkələrinə qayıtmaq istəməməsi problemdir.
Bundan əlavə, minlərlə İŞİD döyüşçüsü və onların ailə üzvləri kürd qüvvələrinin nəzarətində saxlanılır. Hazırda hakimiyyət bu məhbusları öz idarə etdiyi həbsxanalara köçürmək üçün nə kadr, nə də logistika baxımından yetərli imkana malikdir.
İqtisadi açılım və tələblər
Əl-Şəraa sələfindən iqtisadiyyatı iflas həddinə çatmış, xidmət infrastrukturu dağılmış, maliyyə sistemi beynəlxalq əlaqədən təcrid olunmuş və əhalisinin böyük əksəriyyəti yoxsulluq həddindən aşağı yaşayan bir ölkə miras alıb. BMT-nin məlumatına görə, bu vəziyyət ölkədə sosial gərginliyi daha da artırıb.
Hakimiyyət dəyişikliyi nəticəsində əhalinin həyatı nisbətən dəyişib: yanacaq və bəzi məhsulların, o cümlədən əvvəllər idxalına qadağa qoyulan meyvələrin əldə olunması asanlaşıb. ABŞ dolları ilə ticarət isə əvvəllər qadağan olunsa da, indi adi hala çevrilib.
Xüsusilə ABŞ sanksiyalarının ləğvi Əl-Şəraa üçün yoxsulluğa qarşı mübarizə və əhalinin gəlir səviyyəsini yüksəltmək baxımından əsas prioritetə çevrilib. Əl-Şəraa bunu “sabitliyin möhkəmləndirilməsi üçün yol” hesab edir.
Lakin sanksiyaların ləğvi təkbaşına kifayət etmir. Hakimiyyətin bir çox sahədə əlavə addımlar atması zəruridir.
Siyasi sabitlik mənasında sabit və aydın perspektiv iqtisadi dirçəliş üçün vacibdir, lakin əsas maneə sərmayə üçün lazım olan hüquqi çərçivənin hələ də xeyli dərəcədə qeyri-müəyyən olmasıdır.
Hakimiyyət hazırda investisiya qanunvericiliyini yenidən nəzərdən keçirdiyini və xarici sərmayələri cəlb edəcək mühit yaratmaq üzərində işlədiyini açıqlayıb. Əl-Şəraa bildirib ki, ölkəsi infrastruktur və xidmət sektorlarının dirçəlməsi üçün məhz xarici sərmayələrə ümid edir.
Əsas diqqət elektrik enerjisi, təhsil və kənd təsərrüfatı sahələrinə yönəlib ki, bu da dağılmış ərazilərin bərpası və milyonlarla qaçqının geri dönüşünü təmin etmək baxımından vacibdir. Türkiyə, İordaniya və Livan kimi Suriyanın qonşuları, eləcə də Avropa ölkələri məhz bunu tələb edir.
Lakin Suriyanın dəstəklənməsi və sanksiyaların qaldırılması qarşılıqsız olmur. ABŞ-ın əsas şərtlərindən biri İsraillə münasibətlərin normallaşdırılmasıdır. İsrail isə Əsəd devriləndən bəri Suriyada yüzlərlə hava zərbəsi endirib və cənuba qüvvələr yeridir.
İsrailin hərbi təzyiqləri fonunda Dəməşqin normallaşma barədə düşünməsi “ABŞ və beynəlxalq ictimaiyyətin təzyiqinə baxmayaraq hazırda mümkün görünmür.
Dəməşq rəsmi olaraq normallaşma mövzusunda konkret mövqe açıqlamasa da, gərginliyi azaltmaq üçün İsraillə dolayı danışıqlar apardığını etiraf edib.