Əsas səhifə » Suriyada seçkilərin tarixi açıqlanıb

Suriyada seçkilərin tarixi açıqlanıb

BAKI, AzerVoice

Suriyada yeni müvəqqəti parlamentin sentyabr ayında formalaşdırılacağı açıqlanıb. Bu barədə Suriya rəsmiləri bazar günü rəsmi bəyanat yayıblar.

AzerVoice xəbər verir ki, Suriya dövlət xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, parlamentin 210 yerindən 140-ı yerli seçki orqanları, 70-i isə ölkənin müvəqqəti prezidenti tərəfindən təyin olunacaq.

Təxminən 14 il davam edən vətəndaş müharibəsindən sonra dekabr ayında uzun müddətdir hakimiyyətdə olan Bəşər Əsədin devrilməsinin ardınca, Əhməd əş-Şəraanın rəhbərlik etdiyi yeni rəhbərlik parlamenti buraxıb və beş illik keçid dövrünü əhatə edən müvəqqəti konstitusiya bəyannaməsi qəbul edilib.

Hazırkı parlament seçki prosesinə nəzarət etmək üçün iyun ayında 10 nəfərlik xüsusi komitə yaradılıb. Komitənin rəhbəri Məhəmməd Taha əl-Əhməd, Şaraa ilə keçirdiyi görüşdə 210 nəfərlik yeni parlamentin planlaşdırıldığını bildirib.

Verilən məlumata görə, müvəqqəti seçki sistemi ilə bağlı fərman imzalandıqdan sonra üç həftə ərzində yerli seçki orqanları formalaşdırılacaq. Daha sonra deputatlığa namizədlər üçün müraciət mərhələsi başlayacaq. Namizədlərə kampaniya aparmaq üçün bir həftə vaxt veriləcək və sonrasında ictimai debatlar təşkil olunacaq.

Mart ayında qəbul olunan müvəqqəti konstitusiya bəyannaməsinə əsasən, yeni parlament 36 aylıq müddətə fəaliyyət göstərəcək və ehtiyac olduğu təqdirdə bu müddət uzadıla bilər. Parlamentə, yeni konstitusiya qəbul edilənə və ümumi seçkilər keçirilənədək qanunvericilik səlahiyyəti veriləcək.

Lakin bəyanatın ilk təqdim olunduğu dövrdə bəzi tənqidçilər bu sistemin səlahiyyətləri əsasən prezident Şaranın əlinə topladığını və ölkənin etnik və dini müxtəlifliyini əks etdirmədiyini qeyd ediblər.

Digər Kateqoriyalar

2025 © Azervoice