Əsas səhifə » Reza Pəhləvi Kimdir?

Reza Pəhləvi Kimdir?

BAKI,AzerVoice

İranın son şahı Məhəmmədrza Pəhləvi və son şahbanusu Fərəh Pəhləvinin böyük oğlu olan Reza Pəhləvi 30 oktyabr 1960-ci ildə doğulub. O, 26 oktyabr 1967-ci ildən 11 fevral 1979-cu ilədək İranın sonuncu konstitusion monarxiyası üzrə vəliəhdi olmuş və rəsmi olaraq “Əlahəzrət vəliəhd” titulu ilə tanınmışdır.

O, hələ 7 yaşında olarkən İranın vəliəhdi elan olunmuş və İran taxtının birbaşa varisi sayılmışdır. Lakin 1979-cu il İslam İnqilabının baş verməsi ilə ailəsi ilə birlikdə ölkəni tərk etməyə məcbur olmuşdur. O vaxtdan bəri Reza Pəhləvi siyasi fəal kimi, həm də İran İslam Respublikasının tanınmış müxaliflərindən biri kimi tanınır.
Reza Pəhləvi İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin və sonuncu şahbanusu Fərəh Pəhləvinin böyük oğludur. O, Məhəmmədrza Pəhləvinin ilk oğul övladı və İranın konstitusiyalı monarxiyası çərçivəsində vəliəhd olaraq təyin edilmişdi. O, Fərəhnaz, Əlirza və Leyla adlı bacı-qardaşlarının böyük qardaşı, şahın əvvəlki evliliyindən olan Şəhnazın isə kiçik qardaşıdır.

Reza Pəhləvi siyasi fəaliyyətlərinin əsas hədəfini İranın sekulyar parlamentli bir demokratiyaya çevrilməsi, insan haqları, dinin dövlətdən ayrılması, xalqın sərbəst seçki vasitəsilə siyasi sistemini təyin etmə hüququ və İranın ərazi bütövlüyünün qorunması kimi prinsiplərlə açıqlayıb.

Daily Telegraph qəzetinin məlumatına görə, Reza Pəhləvi geniş dəstəyə malikdir. Hətta tənqidçilər belə etiraf edirlər ki, onun İranda vəziyyəti dəyişmək üçün planı var və o, həm ölkə daxilində, həm də xaricdə geniş tanınıb. Ancaq nədənsə bu dəstək İsrail_iran müharibəsi zamanı öz əksini tapmadı.

2025-ci ilin fevralında İranın müxtəlif müxalif qrupları tərəfindən Reza Pəhləvi həm müxalifətin lideri, həm də gələcək keçid hökumətinin rəhbəri olaraq seçilmişdir. Bu hökumət, ilk milli məclis qurulana və azad seçkilərlə demokratik hakimiyyət formalaşana qədər fəaliyyət göstərəcək keçid administrasiyası kimi nəzərdə tutulur.

Reza Pəhləvi vəliəhd olduqda cəmi 7 yaşı var idi.İran şahı əvvəlki iki evliliyindən oğul övlad sahibi ola bilmədiyi üçün Reza Pəhləvinin doğulması İran şahənşahlığı üçün son dərəcə əlamətdar hadisə sayılırdı. O qədər ki, Pəhləvi dövründə onun doğum günü dövlət səviyyəsində qeyd olunurdu. Çünki konstitusiyaya əsasən, yalnız kişi övlad vəliəhd ola və monarxiyanı davam etdirə bilərdi.

Reza Pəhləvi altı yaşında olarkən şəxsi saraya köçürülmüşdü. Onun sarayı Tehranın Niyavəran kompleksində yerləşən, əvvəlcə Əhmədşahın köşkü olmuş, sonradan isə tamamilə yenidən qurulmuş qədim və kiçik bir bina idi. Orada o, fransız müəllim Mademuazel Joël Boué və bir neçə köməkçi zabitin nəzarəti altında təhsil alırdı.

Bir il sonra, yəni 7 yaşında, Məhəmmədrza Pəhləvi rəsmi şəkildə ona vəliəhdlik tacı qoydu və o, İran konstitusiyası çərçivəsində rəsmi vəliəhd elan edildi. Tacqoyma mərasimi Tehranındakı Qolestan sarayında baş tutmuşdu.Reza Pəhləvi 13 yaşına çatdıqda, atası ona şəxsən pilotluq öyrətmişdi.

Rezanın Gənclik illəri və Təhsili

1356-cı il (1978-ci il) isfənd ayının 23-də (13 mart) Reza Pəhləvi Dəzul şəhərində yerləşən dördüncü döyüş təyyarələri bazasında ilk təkbaşına uçuşunu F-5 döyüş təyyarəsi ilə həyata keçirdi.

17 yaşında olarkən Reza Pəhləvi hərbi təhsil almaq üçün İrandan ABŞ-a yola düşdü. O, Texas ştatının Labbak şəhərində yerləşən Reese Hərbi Hava Qüvvələri bazasında döyüş təyyarələri üzrə qabaqcıl pilotluq kursu keçdi. 1979-cu ildə baş verən İran İslam İnqilabı zamanı Reza Pəhləvinin 18 yaşı var idi və o, təzəcə orta məktəbi bitirmişdi. İnqilab baş verərkən o, ABŞ-da F-16 döyüş təyyarəsi üzrə pilot hazırlığı kursunda iştirak edirdi. İnqilab səbəbilə Reza Pəhləvi bir daha İrana qayıda bilmədi.

1979-cu ilin sentyabrında Reza Pəhləvi ABŞ-ın Massaçusets ştatının Uilyamstaun şəhərində yerləşən Williams Kollecinə daxil olaraq ali təhsilinə başladı. Ailəsi də həmin bölgədə, Massaçusetsin qərb hissəsində və Vermontun cənubunda yerləşərək həyatlarını davam etdirdi və təhsillə məşğul oldular.

Bu dövrdə atası sürgündə idi və ağır xəstəlikdən əziyyət çəkirdi. Reza Pəhləvi atasının vəfat etdiyi ana qədər yanında olmuşdu və bu hadisə onun təhsilində fasilə yaratmasına səbəb olmuşdu. Atasının vəfatından sonra, 1980-ci ildə Williams Kollecini tərk etdi və Qahirədə yerləşən Amerika Universitetində siyasi elmlər üzrə təhsil almaq üçün qeydiyyatdan keçdi. Lakin onun bu universitetdə iştirakı da müntəzəm deyildi.O, bir müddət təkbaşına Mərakeşə köçdü və Kaliforniya Universitetində qiyabi təhsil almağa başladı. 1985-ci ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi ilə təhsilini başa vurdu.

Rezanın Siyasi Fəaliyyətləri

1980-ci il oktyabrın 31-də, 20 yaşına çatdıqdan sonra Reza Pəhləvi Qurani-Kərim qarşısında and içərək, İranın konstitusiyalı monarxiyası üzrə qanunlara sadiq qalacağına və “İslam Respublikası rejimi və Ruhullah Xomeyniyə qarşı mübarizə aparacağına” söz verdi. Elə həmin tarixdən onun siyasi fəaliyyəti rəsmi şəkildə başladı.

1980–1990-cı illər və Reza

Reza Pəhləvi siyasi fəaliyyətlərinə atasının 1980-ci ilin avqustunda vəfatından dərhal sonra başladı. İran–İraq müharibəsinin ilk günlərində, o, İran Hərbi Hava Qüvvələrinə məktub yazaraq, döyüş təyyarəsi pilotu kimi müharibəyə qatılmaq istədiyini bildirdi. Lakin İran rəsmiləri onun bu təklifinə cavab vermədi.

1980-ci il oktyabrın 31-də (1359-cu il abanın 9-da) 20 yaşı tamam olan Reza Pəhləvi, köhnə konstitusiyaya əsasən, İranda taxta iddia hüququ qazandı. Həmin vaxtda o, Qahirədəki Amerika Universitetində tələbə idi. O, Qahirədə yerləşən Qubbə sarayında keçirilən mərasimdə özünü İran şahı elan etdi və “Reza şah II” titulunu aldı. Mərasimdə qarşısında Qurani-Kərim, arxasında isə şahənşah İran bayrağı yerləşdirilmişdi. On dəqiqəlik çıxışında Xomeyni rejimini “İran tarixində keçici bir kabus” adlandırmış və Xomeyni rejiminin edam etdiyi və ya müharibədə öldürülən iranlıları “şəhid” kimi yad etmişdi.

Həmin ilin martında o, Novruz bayramı münasibətilə bəyanat yayaraq, bütün rejimə qarşı olan iranlıları bir araya gəlməyə və “milli müqavimət” hərəkatı yaratmağa çağırmışdı. Lakin iyun ayında Bəni Sədrin vəzifədən uzaqlaşdırılması və Məhəmməd Behişti də daxil olmaqla çox sayda rəsmilərin sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı heç bir açıqlama vermədi.

1981-ci il boyunca Reza Pəhləvi Qubbə sarayında qalaraq monarxiya tərəfdarı olan qruplarla yaxın münasibətlər qurmuşdu. Lakin solçular da daxil olmaqla bir çox digər müxalif qruplar tərəfindən tənqid olunurdu. Həmin ilin avqustunda, o, gizli şəkildə İran rejimini devirmək planı üzərində işlədiyini bəyan etmişdi.

“İndiyə qədər bu planlar barədə danışmamağımın səbəbi ən yaxşı övladlarımızın həyatını riskə atmamaq idi. Bir çox fəaliyyətlərimiz sizə məlum olmayıb, amma sizi əmin edirəm ki, İranı xilas etmək üçün bütün tədbirlər ən yaxşı şəkildə həyata keçirilir.”-deyə Reza bildirmişdi.

Mərakeş Dövrü və Uğursuz Çevriliş Planları

Bir il sonra Reza Pəhləvi Mərakeşin Rabat şəhərinə köçdü. Mərakeş kralı ona və onunla birlikdə olan azsaylı xidmətçi və hərbçilərdən ibarət heyətə öz saraylarından birini təqdim etdi. Orada o, Tehranda yenidən hakimiyyətə gəlmək üçün, praktik olaraq reallaşması mümkün olmayan planlar qurmaqla məşğul idi. Bu dövrdə İran-İraq müharibəsi, iranlıların Xomeyninin ətrafında birləşməsinə səbəb olmuşdu, müxalifət isə parçalanmış və Tehranda demək olar ki, heç bir sosial dayağa malik deyildi. Beləliklə, Reza Pəhləvinin hakimiyyətə qayıtmaq ehtimalı olduqca zəif görünürdü.

Reza Pəhləviyə Təklif Olunan Çevriliş Planı

1982-ci ilin fevralında israilli iş adamı və kəşfiyyatçı Yakov Nimrodi BBC-nin “Panorama” proqramında çıxış edərək İranın strateji əhəmiyyətindən danışmış, şahı tərifləmiş və Qərbi açıq şəkildə Xomeyninin devrilməsinə və İranda monarxiyanın bərpasına çağırmışdı. Bu çıxışdan bir neçə gün sonra Reza Pəhləvi ona zəng edib Rabata dəvət etdi.

Yakov Nimrodi və digər israilli iş adamı Adolf Şaymer 1982-ci ilin yayında Rabata gəldilər. Üç gün ərzində Reza Pəhləvi və general Səid Rızvani ilə birlikdə İran rejiminin devrilməsi və Pəhləvinin yenidən hakimiyyətə gətirilməsi üçün çevriliş planı hazırladılar. Jurnalistlər Daniel Raviv və Yossi Melman yazırlar ki, Pəhləvi və yaxın ətrafı onlara dedilər ki, yalnız silah alışı və muzdlu hərbi qüvvələrin maaşları üçün maliyyə dəstəyi lazımdır – başqa heç nə.

Nimrodi və Şaymer bu planın uğurlu olacağına ciddi şəkildə inanırdılar. Onlar iranlı iki sabiq general (o cümlədən Rızvani) ilə birlikdə sentyabrda İsrailə dönüb müdafiə naziri Ariel Şaronla görüşdülər. Qayıtdıqdan sonra, dostları Səudiyyəli iş adamı Ədnan Xaşoqciyə bu plan barədə məlumat verdilər. Beynəlxalq əlaqələrdən sonra planı dəstəkləyən daha geniş qrup Kenya sahilində Xaşoqcinin mülkündə bir araya gəldi.Xaşoqci bildirdi ki, Səudiyyə kralı Fəhd bu planı dəstəkləyir və 800 milyon, lazım gələrsə, 1 milyard dollarlıq maliyyə təmin edə bilər. Planın əsas hissələri bunlar idi:

İsrail silahları – təkcə tüfəng və güllə deyil, həm də tank, döyüş təyyarəsi və raketlər – təmin edəcək.
Bu silahlar Sudanda yerləşdiriləcək.
Reza Pəhləvi və onun mühacirətdə olan generalları bu silahları alacaq və çevrilişi həyata keçirəcək.

Lakin Mossad (İsrailin kəşfiyyat agentliyi) bu planın xaricində saxlanılmışdı və onun analitikləri bu İran-Sudan layihəsi ilə bağlı ciddi narahatlıq bildirirdilər. Onların fikrincə, Reza Pəhləvi və onun mühacirət generalları artıq öz dövrlərini yaşamış insanlar idi və İraq kimi böyük bir ordunu dəf edən İran qarşısında kiçikmiqyaslı bir hücum uğurla nəticələnə bilməzdi.

Mossad rəhbəri İshaq Xofi bu planı İsrail və Mossad üçün təhlükəli hesab etdi. O, Reza Pəhləvi ilə görüşmək üçün Rabata yüksək səviyyəli casus göndərdi və ona belə dedi:

“Mən İsraildəki ən yüksək dairələrin adından səlahiyyətlə sizə bildirirəm ki, sizinlə görüşən israillilər bizim rəsmi nümayəndəmiz deyillər. Onlar sizi sadəcə çətinliyə salacaqlar. Zəhmət olmasa, gələcəkdə birbaşa bizimlə əlaqə saxlayın. Bu Sudan layihəsi bizim maraqlarımıza uyğun deyil.”

Beləcə, bu çevriliş planı uğursuzluğa düçar oldu. Paralel olaraq ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin də oxşar planları Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) qarşı çıxması ilə iflasa uğradı.

1983-cü ildə Menahem Beginin istefasından sonra, yeni İsrail rəhbərliyi artıq belə bir macəraya qarışmaq istəmədi. Sonda bu plan tamamilə kənara qoyuldu.

Rezanın CIA ilə Əməkdaşlıq və ABŞ Dövrü

Mərakeşdən sonra Reza Pəhləvi Parisə, daha sonra isə 1984-cü ildə ABŞ-a – Vaşinqton şəhərinin ətrafındakı Şimali Virciniyaya köçdü. Jurnalist Kent Timmermanın yazdığına görə, CIA direktoru Uilyam Keysi və Ağ Ev administrasiyasında çalışan Maykl Diuor 1983-cü ilin yanvarında Vaşinqton yaxınlığındakı “Chevy Chase Club”da 22 yaşlı Reza Pəhləvi ilə görüşdülər.

Reza Pəhləvi bu görüşdə İslam Respublikasının zəifliyindən, getdikcə dərinləşən iqtisadi böhrandan və bütün bunların nəticəsində İranda monarxiyanın bərpası üçün yaranmış fürsətdən danışmışdı. Lakin bu planlar reallıqdan uzaq idi və həmin dövrdə Pəhləvinin İranda heç bir ciddi ictimai dəstəyi yox idi.

O, CIA-yə təklif etmişdi ki, onun İranda özünə bağlı informasiya şəbəkəsi qurması üçün maddi dəstək göstərilsin. Bu şəbəkə keçmiş iranlı kəşfiyyatçılardan ibarət olacaqdı və məqsəd İran daxilində məlumat toplamaq idi. ABŞ administrasiyası və CIA, Reza Pəhləvinin həmin dövrdə İranda o qədər də populyar olmamasına baxmayaraq, ona aylıq maddi yardım göstərməyə razı oldular.

Reza Pəhləvi bu iddiaları inkar etsə də, onun sabiq müşaviri bildirmişdi ki, CIA-dən gələn bu aylıq ödənişlər bəzən 150 min dollara qədər çatırdı.

1985-ci ildə Reza Pəhləvi öz yaxın məsləhətçisi Əhmədəli Məsud Ənsariyə göstəriş verdi ki, Vaşinqtonun kənarında – Virciniyanın “Great Falls” qəsəbəsində yerləşən, 9 hektar sahəni əhatə edən bir torpaq sahəsi alsın. Orada 3.2 milyon dollarlıq dəbdəbəli bir iqamətgah tikildi və bu ev sürgündəki “şah sarayı”na çevrildi. 1987-ci ildə Pəhləvi bu evə köçdü. Onun bu əraziyə köçməsinin əsas səbəbi siyasi idi – ev CIA-nın baş qərargahı olan Lanqlidən çox da uzaqda deyildi. Həmin dövrdə Lanqlidə yerləşən CIA-nın İran bölməsində onun böyük portreti “İranda demokratiya üçün ümid” yazısı ilə divarda asılmışdı.

1986-cı ilin 5 sentyabrında, axşam saat 9-da CIA İranın televiziya siqnallarını blokladı və Reza Pəhləvinin 11 dəqiqəlik video çıxışını iki İran telekanalı vasitəsilə yayımladı. Bu çıxışda o, belə demişdi:

“Mən geri dönəcəyəm.”

Onun bu yayımın CIA tərəfindən həyata keçirildiyini bilib-bilmədiyi hələ də dəqiq məlum deyil. Həmin vaxt ABŞ polkovniki Oliver North “İran-Kontra” silah razılaşması ilə bağlı gizli danışıqlar aparırdı və bu yayım, İran tərəfini qəzəbləndirmişdi.

Maliyyə böhranı və Ənsari ilə qalmaqal

1990-cı illərin əvvəllərində Reza Pəhləvi və onun əsas maliyyə müşaviri Əhmədəli Məsud Ənsari arasında ciddi hüquqi mübahisələr baş verdi. Bu böhran, Reza Pəhləvinin maliyyə məsələlərinə yenidən baxmasına səbəb oldu. O, Vaşinqtonun kənarındakı Great Falls bölgəsində yerləşən malikanəsini 3 milyon dollara satdı və Merilend ştatının Potomak bölgəsinə köçdü. Eyni zamanda, o, şəxsi mühafizəçilərini də ixtisar etdi.

Ənsari, Reza Pəhləvinin uşaqlıq dostu və onu atası kimi qoruyan bir fiqur idi. Uzun illər onun baş müşaviri və maliyyə meneceri kimi fəaliyyət göstərmişdi. Ənsari bir dəfə Pəhləviyə demişdi: “Əgər siyasi imperiyan ola bilmirsə, mən sənə iqtisadi imperiya quraram.”

Lakin 1987-ci ilin iqtisadi böhranı və fond bazarındakı itkilər, bu planların iflasına gətirib çıxardı. Reza Pəhləvi müxtəlif maliyyə mənbələri haqqında ziddiyyətli məlumatlar eşitdikdən sonra 1989-cu ildə şəxsən İsveçrəyə getdi və Credit Suisse bankındakı etibarlı saxlama qutularında nə pul, nə də əmlak tapmadı. Bu səbəblə, o, Ənsarini vəzifəsindən uzaqlaşdırdı və onu 24 milyon dollar vəsaitin mənimsənilməsində ittiham etdi. Ənsari isə öz növbəsində, Reza Pəhləvi əleyhinə 1.7 milyon dollarlıq qarşı iddia qaldırdı.

2000–2010-cu illərdə siyasi fəallıq

2009-cu ildə prezident seçkilərinin nəticələrindən sonra İranda geniş xalq etirazları başladı. Reza Pəhləvi bu dövrdə beynəlxalq ictimaiyyəti İran xalqının “vətəndaş itaətsizliyi hərəkatı”na dəstək verməyə çağırdı.2013-cü ildə o, “İran Milli Şurası” adlı müxalif koalisiyanı yaratdı və bir müddət bu şuranın liderliyini həyata keçirdi. Lakin 2017-ci ilin sentyabrında (1396-cı ilin şəhrivər ayı) bu vəzifədən rəsmi şəkildə istefa verdiyini elan etdi.

Ali Xameneinin Beynəlxalq Cinayət Məhkəməsində mühakiməsi təşəbbüsü

2011-ci ilin dekabr ayında Reza Pəhləvi İranın ali rəhbəri Əli Xameneinin Beynəlxalq Cinayət Məhkəməsində “insan haqlarını pozmaq və bəşəriyyətə qarşı cinayətlər” ittihamı ilə mühakimə olunmasını tələb etdi.

2012-ci ilin iyununda Niderlandın Haaqa şəhərinə səfəri zamanı Reza Pəhləvi Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Luis Moreno-Ocampo ilə görüşərək rəsmi şəkildə şikayət ərizəsini təqdim etdi. “Əsas məqsəd bu şikayətin qeydiyyata alınması idi. Bəli, İran Roma Statutunu imzalamayıb və bu səbəbdən məhkəmənin İran üzərində birbaşa yurisdiksiyası yoxdur. Lakin protokola əsasən, bu sənədə rəsmi qeyd nömrəsi verildi və qeydiyyata alındı.”-deyə Reza bildirmişdi.

Qəqnus Layihəsi

2018-ci ildə (1397-ci il) Reza Pəhləvi ABŞ-ın Vaşinqton şəhərində “Qəqnus Layihəsi” adlı təşəbbüsünü təqdim etdi. Bu layihə elmi düşüncə mərkəzi kimi qurulmuşdu və əsas məqsədi İranın əsas problemlərinə praktiki həll yolları irəli sürmək idi. Layihə çərçivəsində müxtəlif elmi konfranslar və iclaslar təşkil olunmuşdur.

Seçkilərin boykot çağırışları və “Yeni Əhd” (Peyman-e No) Çağırışı

2020-ci ilin parlament seçkiləri ərəfəsində Reza Pəhləvi seçkilərin boykot olunmasının vacibliyini vurğuladı. O bildirdi:“Səslərinizi bu rejimə vermək, onun cinayətlərini əfv etmək və xalqımıza qarşı törətdiyi qətliamları unutmaq deməkdir. Bu, rejimin son nümayiş etdirdiyi 1500 nəfərlik qətliamı rəsmiləşdirmək deməkdir.” Həmin seçkilər İran parlamenti tarixində ən aşağı seçici fəallığı ilə (42.5%) yadda qaldı.

2020-ci ilin sentyabrında Reza Pəhləvi video çıxışında “Yeni Əhd” (Peyman-e No) adlı təşəbbüsünü elan etdi. O, bütün demokratik qüvvələri fikir ayrılıqlarını bir kənara qoyaraq, İslam Respublikasından keçid üçün birləşməyə çağırdı.

“Mənim məqsədim siyasi gücə çatmaq deyil. Mən elə bir sistem qurmaq istəyirəm ki, orada güc heç zaman bir nəfərin və ya bir qrupun əlində cəmlənməsin.”-deyə Reza bildirdi.
O, İran vətəndaşlarını fərdi və qrup halında mülki itaətsizlik hərəkatlarına, iş yerlərində və məhəllələrdə kiçik etiraz qrupları yaratmağa və bu ideyaları yaymağa çağırdı.
Bundan əlavə, Reza Pəhləvi İran ordusuna müraciət edərək, onları İran xalqının tərəfinə keçməyə və rejimin silahlarını xalqa tuşlamamaqla öz vəzifələrinə sadiq qalmağa çağırdı.

Reza və “Qadın, Həyat, Azadlıq” Hərəkatı

2022-ci ilin sentyabrında Məhsa Əmininin ölümündən sonra İranda genişmiqyaslı etirazlar başladı. Dünyanın müxtəlif şəhərlərində də İran rejiminə qarşı yürüşlər keçirildi. 2022-ci il oktyabrın 20-də Reza Pəhləvi Vaşinqtonda keçirdiyi mətbuat konfransında “plüralist müvəqqəti hökumət”in qurulması və “etirazlara və tətillərə dəstək üçün fondlar və sərbəst rabitə imkanları” yaradılmasını təklif etdi.
2023-cü ilin yanvarında isə “#من_وکالت_می‌دهم” (#Mən_Vəkalət_Verirəm) həştəqi Twitter-də trend oldu. Bu kampaniya Reza Pəhləviyə xalq hərəkatına rəhbərlik etmək üçün dəstək məqsədi daşıyırdı.

Etirazların beş ay davam etməsindən sonra, 10 fevral 2023-cü ildə səkkiz tanınmış şəxs – Reza Pəhləvi, Şirin İbadi, Qolşifte Fərəhani, Abdullah Mehtədi, Nazanin Bonyadi, Hamed Esmaeilion və Məsih Əlinejad – Vaşinqtondakı Corctaun Universitetində bir araya gəldi. Reza Pəhləvi bu toplanmanın simvolik lideri idi. Bu toplantının mesajı belə idi: monarxistlər, solçular, sağçılar, dini və qeyri-dini şəxslər bir araya gələrək, İslam Respublikasını devirmək və onun yerinə yeni bir sistem qurmaq istəyirlər.

10 mart 2023-cü ildə bu şəxslərdən altısı (Fərəhani və Kərimi istisna olmaqla) “İranın Azadlığı üçün Həmrəylik və Təşkilatlanma Nizamnaməsi”ni elan etdilər. Bu sənəddə əsas məqsədlər aşağıdakılar idi:

İran İslam Respublikasının beynəlxalq təcrid olunması,
Ölüm hökmünün ləğvi və siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi üçün beynəlxalq təzyiq,
İran səfirliklərinin və diplomatik əlaqələrin kəsilməsi üçün təşəbbüslər.

Rezanın İsrailə səfəri

2023-cü ilin aprel ayında Reza Pəhləvi həyat yoldaşı Yasəmin Pəhləvi ilə birlikdə İsrailə rəsmi səfər etdi. Tel-Əvivdə o, yüksək səviyyəli qarşılanma ilə qarşılandı və baş nazir Benyamin Netanyahu, prezident İshaq Hersoq və digər rəsmilərlə görüşdü. Həmçinin, İsraildə yaşayan iranlı-yəhudi icması ilə də görüşlər keçirdi və Holokost qurbanlarının xatirəsinə həsr olunmuş illik anım tədbirində iştirak etdi.
İsrail hökuməti bu səfəri tarixi adlandıraraq, Reza Pəhləvini “İsrailə açıq səfər edən ən yüksək səviyyəli iranlı şəxsiyyət” kimi təqdim etdi. Pəhləvi bildirib ki, İran və İsrail – əgər İranda rejim dəyişərsə – atasının dövründə olduğu kimi yenidən “strateji tərəfdaş” ola bilərlər.

Tərəfdarları bu səfəri “tarixi addım” adlandırdı və bildirdilər ki, bu, İsrailin İran xalqının milli inqilabına və Reza Pəhləviyə “tək lider” kimi baxdığının sübutudur. Lakin, bir sıra iranlılar səfəri tənqid etdi – xüsusilə Fələstin məsələsi ilə bağlı səssiz qalması və İsrailin İrana qarşı hərbi təhdidlərinə baxmayaraq bu səfəri həyata keçirməsi ciddi suallar doğurdu.

Münhen Təhlükəsizlik Konfransı və Keçid Liderliyi

2025-ci ilin fevralında Reza Pəhləvi Münhen Təhlükəsizlik Konfransına dəvət olundu. Lakin İran İslam Respublikasının təzyiqləri səbəbilə bu dəvət əvvəlcə ləğv edildi. Sonra yenidən dəvət göndərilsə də, ikinci dəfə də təzyiqlərlə ləğv olundu.

Reza Pəhləvi bu addımı belə qiymətləndirdi:

“Bu, İran xalqına və Almaniyanın demokratik dəyərlərinə xəyanətdir. Almaniya yalnız İran xalqının səsini boğmadı, həm də İslam Respublikasına xidmət etdi”

Bütün bunlara baxmayaraq, Pəhləvi Münhendə bütün iranlı müxalif təşkilatların iştirakı ilə birləşmə görüşü təşkil etdi. Bu toplantıda belə dedi:

“Bizim bu günkü məqsədimiz yalnız İranı xilas etməkdir. Gələcəkdə isə əsas missiyamız azad seçkilərlə demokratik dövlət qurmaq olacaq. Gələcəkdə Konstitusiya Assambleyası vasitəsilə xalqın səsi ilə və 1979-cu ildəkindən fərqli olaraq şəffaf şəkildə İranın gələcək idarəetmə modeli müəyyən edilməlidir. Bu məqsədlə yaxın zamanlarda referendumun necə keçiriləcəyi ilə bağlı layihə də təqdim ediləcək.Hazırkı mərhələdə əsas məqsəd yalnız İranın xilas olunmasıdır. Gələcəkdəki sistemin forması yalnız xalqın azad iradəsi və seçkilərlə müəyyən ediləcək.”

Cenevrədə beş strateji yol xəritəsi

2025-ci il fevralın 19-da Reza Pəhləvi Cenevrədə keçirilən İnsan Hüquqları Forumunda çıxış edərək İran İslam Respublikasının devrilməsi və İranın yenidən qurulması üçün beş əsas strategiya irəli sürdü:

Xalq şəbəkələrinin daxildə səfərbər edilməsi
Xaricdəki iranlıların milli birliyə çağırılması
G20 ölkələrinə maksimum diplomatik təzyiq göstərilməsi
Rejim daxilində parçalanma yaratmaq və sadiqliyi zəiflətmək
Demokratik keçid və azad seçkilər üçün hazırlıqlar aparmaq

O, bu strategiyaların əsas hədəfinin “rejim tərəfindən talan edilmiş bir ölkəni xalqın əlinə geri qaytarmaq” olduğunu vurğuladı. Reza Pəhləvi çıxışı zamanı İslam Respublikasının qadınlara qarşı apardığı sistemli müharibəni də tənqid etdi. O qeyd etdi ki, Ruhullah Xomeyninin ilk addımlarından biri “ailə müdafiə qanununun” ləğvi olmuşdu. Ardınca belə dedi:“Qadınlar sadəcə bir parçaya – hicaba – qarşı mübarizə aparmırlar. Onların mübarizəsi bərabərlik və öz vətənlərini geri almaq üçündür.”

O, xüsusilə Fatimə Səpəhri, Nəsrin Şakərami və Nahid Şirpişə kimi qadınların cəsarətini nümunə göstərərək, repressiyalara baxmayaraq mübarizəni davam etdirdiklərini vurğuladı.

İrana Xitab – “Sonda yalnız xalq qalacaq”

1404-cü il xordad ayının 28-də (2025-ci il iyunun 17-də) Reza Pəhləvi sosial şəbəkələr vasitəsilə İran xalqına müraciət yaydı. Bu çıxışında o, belə dedi: “İslam Respublikasının süqutu qaçılmaz və geri dönməzdir. Bu 46 illik müharibəni sona çatdırmaq üçün yalnız bir ümumxalq ayaqlanması yetərlidir. Rejimin xatirinə özünüzü qurban verməyin. Gələcəyin azad İranında sizin də yeriniz olacaq. Xalqla bir olun.”

Reza Pəhləvi Sistan və Bəlucistan vilayətində baş verən etirazlara dair bəyanat verərək, “Bizim məzlum bəluc həmvətənlərimiz üçün ‘yanacaq qaçaqçılığı’ bir seçim deyil. Bu, İran İslam Respublikasının onları səfalətə, sərhədlərdə təhlükəli peşələrə, sonra da güllə ilə qarşılaşdırmağa məcbur etməsidir.”-dedi.

ABŞ tərəfindən həyata keçirilən hücum nəticəsində İranın Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə dair Reza Pəhləvi Almaniyanın “Die Welt” qəzetinə verdiyi müsahibədə belə demişdi:

“Süleymaninin ölümü ‘Dart Veyder’in sonu kimidir. Bu hadisə İran üçün böyük fürsətdir. Onun aradan götürülməsi İran xalqı üçün bir təskinlik oldu.”

İran prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı Reza Pəhləvi belə bir bəyanat yayaraq, “İran xalqı – xüsusilə bu rejimin qurbanlarının ailələri – bu xəbəri sevinclə qarşıladı. Tək təəssüf budur ki, o, rejimin süqutunu görə bilmədi və törətdiyi cinayətlərə görə məhkəmə qarşısında cavab vermədi.”-dedi.

Reza Pəhləvi İran İslam Respublikasını İsraillə münaqişəyə görə məsul tutaraq belə deyib:

“Bu, xalqın yox, rejimin müharibəsidir. Xalq bu savaşın yükünü daşımamalıdır. Dünya uzun müddətdir bu rejimə kifayət qədər dözümlülük göstərdi, dəfələrlə diplomatik şanslar verildi. Amma Xamenei inadkar siyasətləri ilə İranı bu vəziyyətə gətirib çıxardı. İran bu nöqtəyə gəlməməliydi.”

Digər Kateqoriyalar

2025 © Azervoice