BAKI, AzerVoice, Orxan Qədirzadə
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu NATO çərçivəsində ABŞ və bir sıra ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri ilə mühüm ikitərəfli görüşlər keçirib.
AzerVoice xəbər verir ki, Türkiyə Respublikası Baş Qərargahının yaydığı məlumata əsasən, ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi, ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı ikitərəfli hərbi münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Baş Qərargahın rəsmi sosial şəbəkə hesabında yayılan məlumatda görüşə dair fotolar da təqdim edilib.
Brüsseldə təmaslarını davam etdirən Bayraktaroğlu, eyni toplantı çərçivəsində Böyük Britaniyanın Baş Qərargah rəisi, ordu generalı Riçard Nayton, İspaniyanın Baş Qərargah rəisi, admiral Teodoro Lopes Kalderon və İtaliyanın Baş Qərargah rəisi, ordu generalı Luçano Portolano ilə də ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə də hərbi əməkdaşlıq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, Türkiyə Baş Qərargah rəisi Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Giorgi Matiyaşvili və Yaponiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hioraki Uçikura ilə də görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran hərbi və təhlükəsizlik məsələləri müzakirə edilib.