BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin bütün əyalətlərində qeyri-qanuni miqrasiya və insan alverinə qarşı keçirilən genişmiqyaslı yoxlamaların nəticələrini açıqlayıb.
AzerVoice xəbər verir ki, miqrasiya İdarəsi, daxili qoşunlar və polis qüvvələrinin koordinasiyalı şəkildə həyata keçirdiyi əməliyyatlarda 19 miqrant qaçaqmalçılığı təşkilatçısı yaxalanıb. Nazir Yerlikaya sosial media hesabında bildrib ki, 27 mindən çox personalla 14 mindən çox müxtəlif məkanda aparılan yoxlamalar zamanı 372 min 409 nəfərin şəxsiyyəti yoxlanılıb. Əməliyyat nəticəsində ölkə ərazisində qanunsuz məskunlaşan 478 düzənsiz miqrant saxlanılaraq deportasiya mərkəzlərinə təhvil verilib.
Nazir Yerlikaya Türkiyənin qeyri-qanuni miqrasiya ilə mübarizədə dünyaya nümunə olacaq bir siyasət izlədiyini vurğulayıb. O qeyd edib ki, strateji yanaşma sayəsində Türkiyə artıq qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit marşrutu olmaqdan çıxıb. Sahil Mühafizəsi Komandanlığının da dəstək verdiyi yoxlamalar zamanı 422 terminal və 7 mindən çox ictimai yer nəzarətə götürülüb. Saxlanılan miqrantların öz ölkələrinə geri göndərilməsi prosedurlarına dərhal start verilib.