BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Mardinin Nusaybin sərhədində Türkiyə bayrağına qarşı törədilən hücumla bağlı sərt bəyanat yayıb.
AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən həftəlik mətbuat məlumatlandırma toplantısından sonra mətbuat mənsublarının gündəmdəki sualları ilə bağlı açıqlamalar verilib.
Nazirlik rəsmi Nusaybin sərhədində bir qrup terror təşkilatı tərəfdarının qanunsuz sərhəd keçidi cəhdi zamanı köhnə gömrük sahəsində yerləşən Türkiyə bayrağını hədəf almasını mütəşəkkil təxribat kimi qiymətləndirib. Açıqlamada bu çirkin hücumun birbaşa türk millətinin milli və mənəvi həssaslıqlarına qarşı yönəldiyi vurğulanıb.
Nazirlik bəyan edib ki dövlətin aidiyyəti qurumları tərəfindən hadisənin failləri artıq müəyyən edilib və onlarla bağlı lazımi hüquqi addımlar atılır. Eyni zamanda baş verən hər bir insidentdə olduğu kimi bu hadisə ilə bağlı da dərhal inzibati təhqiqat başladılıb. MSB rəsmiləri bu növ təxribatların qarşısının qətiyyətlə alınacağını və bayrağın toxunulmazlığının dövlət təminatında olduğunu bir daha diqqətə çatdırıblar.