BAKI, AzerVoice, Orxan Qədirzadə
NATO üzvü olan İspaniya ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi “Sülh Şurası”na qoşulmaqdan imtina etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes Avropa İttifaqı Liderlər Zirvəsindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Madrid Vaşinqtondan daxil olan dəvəti qəbul etməyəcək. Sançes bu mövqeni belə ifadə edib: “Dəvət üçün təşəkkür edirik, lakin biz bunu rədd edirik”.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan və beynəlxalq münaqişələrin həllində Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyət göstərəcəyi elan edilən “Sülh Şurası”nın təsis sənədi dünən imzalanıb. Şuraya ABŞ daxil olmaqla ümumilikdə 22 ölkə qoşulub, lakin bir sıra ölkələr bu təşəbbüsə ehtiyatla yanaşıb.
İspaniya Baş naziri vurğulayıb ki, Madridin qərarı ölkənin BMT-yə və çoxtərəfli diplomatiyaya verdiyi önəmdən irəli gəlir. Sançes həmçinin qeyd edib ki, Fələstin rəhbərliyinin “Sülh Şurası”nda təmsil olunmaması da İspaniyanın bu təşəbbüsə qoşulmamasında mühüm amillərdən biridir.
Rəsmi Madridin mövqeyi Trampın təşəbbüsünün NATO və Avropa İttifaqı ölkələri arasında birmənalı qarşılanmadığını göstərir.