BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Balkan Sülh Platformasının ikinci iclası bu gün İstanbulda keçirilir. Regional dialoqun gücləndirilməsi məqsədilə təsis edilən platformanın bu görüşündə Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, nazir Fidan həm çoxtərəfli iclasda iştirak edəcək, həm də həmkarları ilə ikitərəfli görüşlər keçirəcək. Görüşlərdə əsas mesajın "regional mənsubiyyət" prinsipi olacağı gözlənilir. Hakan Fidanın bu platformanın mövcud beynəlxalq proseslərə bir alternativ deyil, onları tamamlayan və dəstəkləyən bir mexanizm olduğunu vurğulayacağı bildirilir.
Genişmiqyaslı əməkdaşlıq gündəmi Türkiyənin öncülüyü ilə qurulan bu platformanın budəfəki iclasında regionun ən aktual problemləri masaya yatırılacaq. Müzakirə olunacaq mövzular arasında müştərək sərhəd idarəçiliyi, qeyri-qanuni miqrasiya ilə mübarizə, enerji təhlükəsizliyi, rəqəmsallaşma və nəqliyyat dəhlizləri xüsusi yer tutur. Həmçinin, region ölkələrinin Avropa İttifaqına (Aİ) inteqrasiyası prosesində əməkdaşlıq və koordinasiya məsələləri də nazirlərin diqqət mərkəzində olacaq.
Türkiyənin Balkanlarda iqtisadi və hərbi çəkisi Türkiyə Balkanlarda təkcə diplomatik deyil, həm də güclü iqtisadi və hərbi aktor kimi çıxış edir. Platformada iştirak edən ölkələrlə Türkiyənin ticarət dövriyyəsi təxminən 7 milyard dollar təşkil edir, investisiyaların həcmi isə 8,9 milyard dollara çatıb. Eyni zamanda, Türkiyə NATO-nun Kosovadakı KFOR və Bosniya və Herseqovinadakı EUFOR Althea missiyalarında fəal iştirak edərək regional təhlükəsizliyin qarantlarından biri kimi çıxış edir. Xatırladaq ki, 2025-ci ilin oktyabr ayından etibarən KFOR-un komandanlığı Türkiyə tərəfindən həyata keçirilir.
Platformanın ilk toplantısı 2025-ci il iyulun 26-da İstanbulda baş tutmuşdu. Bugünkü görüş bu əməkdaşlıq formatının davamlılığının və Türkiyənin Balkanlarda sülh və sabitlik naminə atdığı konkret addımların göstəricisi hesab olunur.