BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyədə 2024-2025-ci tədris ili bu gün rəsmi olaraq başladı. Ölkə üzrə təxminən 18 milyon şagird və 1,2 milyon müəllim 74 min 538 məktəb və 761 min 416 sinif otağında dərslərə başladı.
AzerVoice xəbər verir ki, Türkiyə Təhsil Nazirliyinin verdiyi məlumata görə, bu il mərhələli şəkildə tətbiqinə başlanılan “Türkiyə Əsri Maarif Modeli” məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində – 1-2-ci, 5-6-cı, hazırlıq və 9-10-cu siniflərdə tətbiq olunacaq.
Yeni tədris ilinin ilk həftəsində şagirdlərə maarifləndirmə təlimləri keçiriləcək. İlk dərs "Meşə Yanğınlarına Qarşı Yaşıl Vətəni Qorumaq" mövzusuna həsr olunub.
Türkiyə Təhsil Nazirliyi ilə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında imzalanan "Köklərdən Gələcəyə Nəfəs Protokolu" çərçivəsində tədris ilinin ilk günü “Hər Uşaq Bir Fidan” mövzusunda film nümayiş etdirilib.
Tədris ili ərzində "Yaşıl Vətən – Mənim Məktəbim Gələcəyə Çarə" layihəsi çərçivəsində müxtəlif maarifləndirici tədbirlər, festivallar və sahə işləri həyata keçiriləcək.