BAKI, AzerVoice, Nailə Babazadə
Əfqanıstanda ötən həftə baş verən və minlərlə insanın həyatını itirməsinə səbəb olan güclü zəlzələlər yerli əhali arasında böyük panik və qorxu yaradıb. Yeni zəlzələlərin baş verməsindən ehtiyat edən insanlar evlərini və kəndlərini tərk edərək daha təhlükəsiz bölgələrə köç etməyə başlayıblar.
AzerVoice xəbər verir ki, xüsusilə ölkənin şərqində yerləşən və 255 nəfərin öldüyü Nangarhar vilayətinin Darai Nur rayonunda insanlar kütləvi şəkildə köçür.
Zəlzələlər nəticəsində yolların zədələnməsi yardımın çatdırılmasını çətinləşdirir. Xilasetmə işlərinin aparılması və yaralıların təxliyəsi üçün bölgəyə helikopterlər göndərilib.
Qeyd edək ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zəlzələdə 2 min 205 nəfərin öldüyünü, 3 min 640 nəfərin isə yaralandığını bildirib.
ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Pakistan sərhədi yaxınlığındakı Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində yerləşib və maqnitudası 6 olub.
Yerli hakimiyyət orqanları bu zəlzələni Əfqanıstanı vuran ən dağıdıcı təbii fəlakətlərdən biri kimi qiymətləndirib.
BMT-nin Humanitar Əlaqələndirmə Ofisi (OCHA) ilkin mərhələdə 12 min insanın birbaşa zərər çəkdiyini açıqlayıb.