BAKI, AzerVoice
İstanbulda narkotik ticarəti ilə məşğul olanlara qarşı həyata keçirilən genişmiqyaslı “Narkokapan-İstanbul” əməliyyatı çərçivəsində 119 nəfərin saxlanılıb, onlardan 70-i həbs edilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.
Əməliyyatın hədəfi əsasən küçələrdə narkotik satan şəxslər olub. Onların sosial media və mesajlaşma proqramları üzərindən narkotik maddə satdıqları və bu fəaliyyəti təşkilatlanmış şəkildə həyata keçirdikləri müəyyən edilib.
Yerlikaya bildirib ki, əməliyyatın planlaşdırılması və hazırlıq prosesi 7 ay davam edib. Bu müddət ərzində İstanbulda jandarma məsuliyyət zonası yenidən təhlil olunub, şübhəlilər həm texniki, həm də fiziki izləmə ilə müşahidə edilib və onların cinayət fəaliyyəti ətraflı sənədləşdirilib.
Nazirin sözlərinə görə, saxlanılan 119 nəfərdən 70-i barəsində həbs qərarı, 16 nəfər barəsində məhkəmə nəzarəti, digərləri haqqında isə araşdırmalar davam edir.
“Əməliyyatımızın əsas məqsədi gənclərimizi zəhərləməyə çalışan küçə satıcılarını təsirsiz hala gətirməkdir. Gənclərimizə uzanan əlləri qanun qarşısında dayandıracağıq. Narkotik bəşəriyyətin ən böyük düşmənidir. Bu zəhər tacirləri ilə mübarizəmizi həm ölkəmiz, həm də insanlıq naminə davam etdirəcəyik”- deyə nazir bildirib.