BAKI, AzerVoice, Fərid Mikayılov
Arsenal-ın alman hücumçusu Kai Havertz dizindən aldığı yeni zədə səbəbilə yenidən yaşıl meydanlardan uzaq qalacaq.
AzerVoice xəbər verir ki, 26 yaşlı futbolçu çərşənbə günü "Emirates" stadionunda keçirilən açıq məşqdən uzaq qaldı və bu, ciddi zədələnmə şübhələrini artırdı.
Arsenal hələ ki, zədənin dəqiq dərəcəsini açıqlamasa da, "The Athletic" klubun transfer bazarında alternativ hücumçu axtarışına başlaya biləcəyini yazır. Havertz yalnız bir müddət əvvəl Dubay təlim-məşq toplanışında aldığı əzələ yırtığından dönmüşdü. Həmin zədə səbəbilə o, fevraldan aprelin ortalarına qədər həm Premyer Liqa, həm də Çempionlar Liqasında 18 oyunu buraxmışdı.
Hazırda Arsenal-ın əsas hücum yükünü yeni transfer Viktor Gyökeres daşıyır. 69 milyon funt-sterlinqə Sportinqdən gətirilən isveçli forvard Mançester Yunayted üzərində çətin qələbədə debüt etsə də, gözləntiləri doğrultmamışdı. Leandro Trossard isə hücumda alternativ kimi nəzərdən keçirilsə də, təbii mövqeyi cinahdır və əsas qol silahı ola biləcək gücdə sayılmır.
Digər tərəfdən, braziliyalı hücumçu Qabriel Jesus da yanvarda ön çarpaz bağlarından aldığı zədədən hələ tam sağalmayıb. Bu səbəbdən Mikel Artetanın hücum variantları daha da məhdudlaşır.
"Topçular" bu şənbə Premyer Liqada Lids Yunaytedlə qarşılaşacaq. Havertz-in yoxluğunda komandanın hücum xəttində əsas ümidlər Viktor Gyökeresin üzərinə düşəcək.