BAKI, AzerVoice, Səməd Əyyubov
Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib.
AzerVoice xəbər verir ki, Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib.
“Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb. O, bu fikirləri Avropa liderlərinin Kiyevə təhlükəsizlik təminatları ilə bağlı görüşlərində iştirak etdikdən sonra səsləndirib. Qeyd edək ki, Mixal hələ aprel ayında da oxşar mövqe bildirmişdi.
Baş nazirin sözlərinə görə, eston hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı konkret qərar hələ qəbul edilməyib. O bildirib ki, bu məsələ Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenskinin mümkün görüşünün nəticələrindən, həmçinin ABŞ-ın iştirakı ilə keçirilə biləcək üçtərəfli danışıqlardan asılı olacaq.
Qeyd edək ki, avqustun 19-da Ukrayna ilə bağlı iki mühüm görüş keçirilib – “istəklilər koalisiyası”nın liderlərinin videokonfransı və Avropa İttifaqının onlayn sammiti.
Hər iki tədbirdə Alyaskada baş tutan ABŞ–Rusiya sammitinin nəticələri, ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ilə apardığı danışıqlar, həmçinin döyüş əməliyyatları başa çatdıqdan sonra Ukraynaya veriləcək təhlükəsizlik təminatları müzakirə olunub.