BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyə Daxili İşlər Nazirliyi Suriya ilə sərhəd-keçid qaydalarında yeni qərarı açıqlayıb.
AzerVoice xəbər verir ki, artıq Barış Pınarı Hərəkatı bölgəsi xaricindəki quru sərhəd qapılarından Türkiyə vətəndaşları, həmçinin üçüncü ölkə vətəndaşlığına sahib suriyalılar yalnız pasportla giriş-çıxış edə biləcəklər.
Qərar, 8 dekabrdan sonra yeni Şam rəhbərliyi ilə başlayan “normalizasiya prosesi” çərçivəsində qəbul edilib.
Türkiyə, prezident Bəşşar Əsədin devrilməsindən sonra Şamda səfirliyini yenidən açan ilk ölkə oldu. 15 dekabrda səfirliyin fəaliyyətə başlamasının ardından qarşılıqlı diplomatik səfərlər və danışıqlar intensivləşib. Hazırda Ankara, Suriya Dövlət Başçısı Əhməd əş-Şəraanın ən böyük tərəfdarları arasında göstərilir.
Suriya vətəndaş müharibəsindən əvvəl, 2009-cu ildə imzalanmış viza azadlığı sazişi ilə türkiyəlilər sadəcə şəxsiyyət vəsiqəsi ilə Suriyaya səfər edə bilirdilər. Lakin 2011-ci ildən başlayan münaqişə səbəbilə keçidlər sərtləşdirildi.
2016–2019-cu illərdə bayram günlərində Türkiyədəki suriyalı qaçqınlara müvəqqəti qoruma kimlik kartı ilə vətənlərinə gedib gəlməyə icazə verilirdi. Həmin vaxtlarda xüsusən Cilvegözü və Öncüpınar sərhəd-keçid məntəqələrində böyük sıxlıq müşahidə olunurdu. Lakin türk vətəndaşlarının keçidi əsasən məhdudlaşdırılmışdı.
Türkiyənin Fərat Qalxanı, Zeytun budağı və Barış Pınarı hərəkatları ilə nəzarət etdiyi Afrin, Tel Abyad və Rasulayn kimi bölgələrdə yerli əhali üçün şəxsiyyət vəsiqəsi ilə keçid imkanı yaradılmışdı. Ancaq bu qayda yalnız həmin bölgələrdə yaşayanlarla məhdud idi.
Digər sərhəd qapılarında isə pasport tələbi qalmaqda idi və keçidlər ciddi nəzarət altında aparılırdı.