BAKI, AzerVoice, Fərid Mikayılov
Türkmənistan və Özbəkistan arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunub.
AzerVoice xəbər verir ki, bu məqsədlə Türkmənistan “Türkmənhava yolları” Dövlət Xidmətinin rəhbəri Dövran Saburov ilə Özbəkistanın nəqliyyat naziri İlham Mahkamov arasında müvafiq sənəd imzalanıb.
Özbəkistanın nəqliyyat naziri Mahkamov bildirib ki, imzalanan sənəd yaxın gələcəkdə iki ölkə arasında müntəzəm uçuşların təşkilinə imkan yaradacaq.
Qeyd edək ki, aviareyslərlə bağlı sənəd 22 avqustda “Avaza” Milli Turizm Zonasında keçirilən “Türkmənistan–Azərbaycan–Özbəkistan” formatındakı yüksək səviyyəli üçtərəfli görüş çərçivəsində imzalanıb. Dövlət başçılarının iştirakı ilə keçirilən tədbirdə tərəflər mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım atıblar.
Xatırladaq ki, daha əvvəl – 2017-ci ilin yayında Aşqabad ilə Daşkənd arasında aviareyslərin açılması planlaşdırılmış, Türkmənistan Hava Yolları şirkəti bu istiqamətdə fəaliyyətə başlaması üçün hazırlıqlar görmüşdü.
Yeni razılaşma iki ölkə arasında əlaqələrin inkişafı və iqtisadi, turizm sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.