BAKI, AzerVoice, Fərid Mikayılov
Qırğızıstanın Milli İnvestisiya Agentliyindən verilən məlumata görə, 18 sentyabrda Bişkekdə Qırğızıstan-Türkiyə biznes forumu təşkil olunacaq.
AzerVoice xəbər verir ki, tədbir Qırğızıstan və Türkiyənin dövlət qurumlarını, biznes dairələrinin nümayəndələrini və investisiya şirkətlərini bir araya gətirəcək.
Forum iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin müzakirəsi və təşviqi üçün mühüm platforma olacaq.
Forumda aşağıdakı sahələrdə əməkdaşlıq imkanları dəyərləndiriləcək:
- ticarət və investisiya,
- sənaye və istehsal,
- nəqliyyat və logistika,
- enerji və bərpa olunan enerji mənbələri,
- kənd təsərrüfatı və emal sənayesi,
- tikinti və infrastruktur,
- turizm və otelçilik,
- təhsil, elm və rəqəmsal texnologiyalar.
Forum çərçivəsində B2B (biznesdən-biznesə) və B2G (biznesdən-hökumətə) formatında görüşlər planlaşdırılıb. Burada yeni tərəfdaşlıq əlaqələrinin qurulması, investisiya layihələrinin təqdimatı və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Təşkilatçılar həm Qırğızıstandan, həm də Türkiyədən iş adamlarını, biznes nümayəndələrini və təşkilatları foruma qatılmağa dəvət ediblər.