BAKI, AzerVoice, Fərid Mikayılov
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Türkmənistan–Azərbaycan–Özbəkistan” formatındakı sammitdə iştirak etmək üçün Türkmənistana səfər edib.
AzerVoice xəbər verir ki, Mirziyoyevin təyyarəsi Türkmənbaşı şəhərinin beynəlxalq hava limanına enib.
Mirziyoyevi rəsmi mərasimlə qarşılayan Türkmənistan tərəfini Nazirlər Kabinetinin sədr müavini Nökerguly Atagulyyev təmsil edib. Qarşılanma mərasimindən sonra nümayəndə heyəti “Avaza” milli turizm zonasına yola düşüb.
Səfər çərçivəsində Mirziyoyevin Türkmən xalqının Milli Lideri və Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə ikitərəfli danışıqlar aparacağı planlaşdırılır.
Sammitdə ticarət-iqtisadi, nəqliyyat-kommunikasiya, energetika və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.
Yüksək səviyyəli görüşün sonunda tərəflərin bir sıra sənədlərə imza atacağı gözlənilir.