BAKI, AzerVoice, Fərid Mikayılov
Qazaxıstan və Yaponiya ticarət-iqtisadi əlaqələri genişləndirmək və yeni layihələr həyata keçirmək barədə razılığa gəlib.
AzerVoice xəbər verir ki, bu barədə Astanada keçirilən görüşün ardından Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu açıqlama verib.
Nazir bildirib ki, Yaponiya Qazaxıstanın Asiya regionundakı etibarlı strateji tərəfdaşıdır və ölkənin ən iri investorlarından biridir.
İndiyədək Yaponiyadan Qazaxıstana 9 milyard dollardan çox birbaşa investisiya yatırılıb. Hazırda Mitsubishi, Sumitomo, Marubeni və Mitsui kimi aparıcı yapon korporasiyaları Qazaxıstanda uğurla fəaliyyət göstərir.
Danışıqlar zamanı qalium və manqan sulfat da daxil olmaqla bir sıra əlvan metalların uzunmüddətli ixrac müqavilələri müzakirə olunub. Qazaxıstanın “yaşıl transformasiya” üçün vacib olan 32 strateji xammaldan 22-nə malik olduğu vurğulanıb.
Nazir əlavə edib ki, bu çərçivədə Qazaxıstanın “Tau-Ken Samruk” şirkəti ilə Yaponiyanın neft-qaz və metallurgiya korporasiyası JOGMEC arasında konkret investisiya layihələrinin həyata keçirilməsi planlaşdırılır.