BAKI, AzerVoice
İspaniyanın "Real Madrid" klubu Klublararası Dünya Çempionatının 1/4 final mərhələsində Almaniyanın Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edib.
AzerVoice xəbər verir ki, qarşılaşma ABŞ-ın Nyu-Cersi ştatının İst-Razerford şəhərində baş tutub.
Qalib komandanın heyətində qolları Qonsalo Qarsiya (10-cu dəqiqə), Fran Qarsiya (20-ci dəqiqə) və Kilian Mbappe (90+4-cü dəqiqə) vurublar. "Borussiya"nın heyətində isə Maksimilian Bayer (90+3) və Seru Girassi (90+8) fərqləniblər. Oyunun ikinci hissəsinə əlavə olunmuş altıncı dəqiqədə "Real"ın müdafiəçisi Hyoysen qırmızı vərəqə alıb.
Yarımfinalda “Real” Fransa təmsilçisi və Çempionlar Liqasının son qalibi "Paris Sen-Jermen" (PSJ) ilə qarşılaşacaq. "PSJ" 1/4 finalda Almaniyanın "Bavariya" klubunu 2:0 hesabı ilə məğlub etmişdi. “Real” – "PSJ" oyunu iyulun 8-də keçiriləcək.
İyulun 9-da baş tutacaq digər yarımfinal matçında İngiltərənin "Çelsi" klubu Braziliyanın "Fluminense" komandası ilə qarşılaşacaq.
1/8 final mərhələsində "Real" İtaliyanın "Yuventus" klubunu 1:0 hesabı ilə məğlub etmişdi, "Borussiya" isə Meksikanın "Monterrey" komandası üzərində 2:1 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, Klublararası Dünya Çempionatı bu il ilk dəfə yeni formatda keçirilir və turnirdə ümumilikdə 32 komanda iştirak edir. Final oyunu iyulun 13-də baş tutacaq.