BAKI, AzerVoice, Fərid Mikayılov
Fransalı ulduz yarımmüdafiəçi Enqolo Kante yaxın günlərdə yeni komandaya transfer oluna bilər.
AzerVoice xəbər verir ki, Əl-İttihad onunla yollarını ayırmağa qərar verib və 34 yaşlı futbolçu artıq Avropa və Səudiyyə Ərəbistanında bir neçə kluba təklif olunub.
Məlumata əsasən, Kante Fransada Monako və Paris FC, eləcə də Səudiyyə Pro Liqasının digər təmsilçisi Əl-Qadisiyahın maraq dairəsinə düşüb.
Kante iki mövsüm əvvəl Çelsidən ayrılaraq Əl-İttihada keçib. Zədələrə baxmayaraq, komandanın aparıcı oyunçularından birinə çevrilmiş, bütün turnirlərdə 80 oyuna çıxmışdı. Onun sabit çıxışları həmçinin Fransa millisinin baş məşqçisi Didye Deşamın planlarında da yer almağa davam etməsinə şərait yaradıb.
Klubun transfer bazarında fəallığı fonunda Əl-İttihad fransalı ulduzla yollarını ayırmağa qərar verib. Bu qərar Kantenin karyerasında həlledici məqamlardan biri ola bilər. Çünki 2026-cı il Dünya Çempionatına bir ildən az vaxt qalır və yüksək səviyyəli bir klubda çıxış etməsi onun millidəki mövqeyini qorumaq baxımından həlledici olacaq.
Kante daha öncə İngiltərədə Lester Siti ilə möhtəşəm nağıl yazaraq Premyer Liqa çempionu olmuş, Çelsidə isə Çempionlar Liqası, Avropa Liqası və Premyer Liqa daxil olmaqla bir çox titula sahib çıxmışdı.