BAKI, AzerVoice , Fərid Mikayılov
Almaniyanın RB Leytspiq klubunun idman direktoru Marsel Şafer, niderlandlı yarımmüdafiəçi Xavi Simonsun Çelsiyə keçmək istədiyini təsdiqləyib.
AzerVoice xəbər verir ki, lakin klub rəsmisi hələlik hər hansı “transfer razılaşmasının” olmadığını bildirib.
“Bu gün üçün Xavi bizim oyunçumuz olaraq qalır. Həmişə qərarlarımızı idman və maliyyə baxımından verəcəyimizi demişik. O da bu gün meydanda idi. Transfer bazarı hələ açıqdır, sabah nə baş verəcəyini heç kim bilmir”- deyə Şafer bildirib.
22 yaşlı hücumameylli yarımmüdafiəçi cümə günü Bavariya ilə keçirilən oyunda start heyətində meydana çıxıb.
Çelsi isə Simonsu heyətinə qatmaqda maraqlıdır. Bununla belə, London klubunun əvvəlcə hücumçu Kristofer Nkunkunu satması lazım gəlir. Lakin fransız futbolçunun transferi çətinliklərlə üzləşib.
Xatırladaq ki, yay transfer pəncərəsi 1 sentyabrda bağlanır. Bu səbəbdən, Çelsinin Simonsla bağlı qərarını qısa müddətdə verməsi gözlənilir.